Bozdağ-Qobu vulkanının yerləşdiyi ərazidən - VİDEOREPORTAJ

Bozdağ-Qobu vulkanının yerləşdiyi ərazidən - VİDEOREPORTAJ Bakı. 15 fevral. REPORT.AZ/ Təbiət hadisələrinin baş verdiyi bu ərazi həm də yüzlərlə sakinin yaşadığı məkana çevrilib. Söhbət Abşeron rayonu, Qobu kəndinin yaxınlığındakı Bozdağ-Qobu vulkanının yerləşdiyi ərazidən gedir. Bura paytaxdan, təxminən, 15 km aralı, kənd sakinlərinin isə, demək olar ki, həyətyanı sahəsində yerləşir. Hələ iki əsr bundan əvvəl ilk dəfə püskürən bu vulkan özündən bir neçə kilomet uzaqlıqda yaşayan sakinlər üçün əsl təhlükə mənbəyi sayılır. El arasında “yatmış vulkan” kimi tanınan Bozdağ-Qobu vulkanını sonuncu dəfə ötən əsrin sonlarında - 1999-cu ildə püskürüb.
Multimedia
15 Fevral , 2019 16:56
Bozdağ-Qobu vulkanının yerləşdiyi ərazidən - VİDEOREPORTAJ

Bakı. 15 fevral. REPORT.AZ/ Təbiət hadisələrinin baş verdiyi bu ərazi həm də yüzlərlə sakinin yaşadığı məkana çevrilib. Söhbət Abşeron rayonu, Qobu kəndinin yaxınlığındakı Bozdağ-Qobu vulkanının yerləşdiyi ərazidən gedir. Bura paytaxdan, təxminən, 15 km aralı, kənd sakinlərinin isə, demək olar ki, həyətyanı sahəsində yerləşir. Hələ iki əsr bundan əvvəl ilk dəfə püskürən bu vulkan özündən bir neçə kilomet uzaqlıqda yaşayan sakinlər üçün əsl təhlükə mənbəyi sayılır. El arasında “yatmış vulkan” kimi tanınan Bozdağ-Qobu vulkanını sonuncu dəfə ötən əsrin sonlarında - 1999-cu ildə püskürüb.

Beləliklə, “Report” Bozdağ-Qobu vulkanının yerləşdiyi ərazidən hazırladığı reportajı təqdim edir.

Dağlıq ərazidə yerləşən vulkanın mərkəzi hissəsi turistlərin də ən çox ziyarət etdiyi məkanlardandır. Ara-sıra az da olsa, püskürən vulkanın yerin səthinə çıxardığı süxurlar isə yanmış palçıq qoxusunu ətrafa səpələyir. Qış fəsli olmasına baxmayaraq, "yatmış vulkan" hələ də turistlərin axışdığı coğrafi məkanlardan biri olaraq qalır. Daha çox yay fəslində turistləri özünə cəlb edən Bozdağ-Qobu vulkanının yerləşdiyi ərazi ən çox xarici ölkə vətəndaşlarının Azərbaycanda daha çox səyahət etdiyi yerlərdən biridir. Elə biz özümüz də orada olan zaman bunun şahidi olduq. Dağın zirvəsinə qalxan avtomobillərdən düşən 3 turist vulkanik zonada sanki tədqiqat işləri aparırdılar. Vulkanın yer səthinə çıxarıb atdığı qurumuş palçıq hissələrini əllərinə götürür və şəkillər çəkdirirdilər.

Vulkan dağının ətrafında qazıntı işlərinin aparıldığı görünürdü. Orada hərəkət edən zaman ayaqlarımızın altında sürüşən vulkanın çıxardığı yumşaq palçıq süxurları sanki təzəcə qurumuşdu. Həmin palçıq süxurlar sonradan müxtəlif şəxslər tərəfindən yük maşınları vasitəsilə daşınır. Kimi ondan kərpic, kimi çökək əraziləri doldurmaq üçün istifadə edir.

Vulkan süxurlarını həyətində qoruyub-saxlayan kənd sakini

Yaxınlıqda yerləşən yüzlərlə tikili vulkan dağının üzərində – 5-10 metrliyində yerləşir. Bəzi yaşayış evlərinin həyətində Bozdağ-Qobu vulkanı püskürən zaman yerin alt qatından çıxardığı süxurların axıb gəldiyini gördük. Ev sakini Bəyim Həsənova deyir ki, püskürməsi ehtimalı olunan palçıq vulkanının qarşısını kəsmək üçün həyətlərini xüsusi sədlərlə hasarlayıblar. Bozdağ-Qobu vulkanının yerin altından çıxardığı süxurları abidə kimi saxlayan kənd sakininin sözlərinə görə, həmin süxurlar nadir hallarda az da olsa, aktivləşən vulkanın püskürməsindən sonra həyətinə qədər axıdılan vulkan palçığının qalıqlarıdır.

İcra nümayəndəsi tikililərin qanuni olduğunu deyir

Ərazidə çəkiliş apardığımız zaman özünü Qobu kəndinin icra nümayəndəsi kimi təqdim edən şəxs isə orada inşa edilən tikililərin qanuni olduğunu bildirdi: “Heç bir təhlükə şəraiti yoxdur. Hər hansı təhlükədən də söhbət gedə bilməz. Bütün tikililər qanunvericiliyin tələblərinə uyğun şəkildə inşa edilib. Hazırda vulkan zonasının ətrafında sərhəd qazıntı işləri həyata keçirilir”.

Yeri gəlmişkən, vulkan dünyada ən qorxulu təbiət hadisələrindən biridir. XVII əsrdən bu günədək dünyada vulkanlar, ümumilikdə, 300 min insanın ölümünə səbəb olub. Bozdağ-Qobu vulkanı da Azərbaycanda ən təhlükəli palçıq vulkanlarından biridir.

45 il əvvəl burda püskürən vulkanın alovunun hündürlüyü 400 metrə çatıb...

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev “Report”a deyib ki, Bozdağ-Qobu vulkanı nadir hallarda, amma güclü püskürən vulkan növüdür: “İlk dəfə 1827-ci ildə püskürüb. O qədər güclü vulkan püskürməsi olub ki, alovun hündürlüyü bir neçə yüz metrə qədər olub. Elə ondan sonra ərazidə böyük miqdarda səpələnən palçıqlar sonradan xırda təpəliklərə çevrilib. Sonuncu dəfə 1999-cu ildə püskürüb. Bu illər ərzində isə vulkan 9 dəfə püskürüb. 1974-cü ildə bu vulkan alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda, 300 min kub metr həcmində vulkan palçığı tullanıb. Bu, əlbəttə, Bozdağ-Qobu vulkanının təhlükəli növ olduğundan xəbər verir”.

A.Əliyev Bozdağ-Qobu vulkanının yaxınlığında tikinti işlərinin həyata keçirilməsini təhlükəli hesab edir: “Bu vulkanın püskürməsi müxtəlif cür xarakterizə olunur. Sonuncu dəfə püskürən zaman ətraf ərazilərdə dərinliyi 2, uzunluğu 1100 metrə qədər çatlar əmələ gəlmişdi. Həmin çatlar Qobudan Hökməli qəsəbəsinə qədər gedib çatmışdı. Həmin çatlar Hökməlidə 3 binanı yararsız vəziyyətə salmışdı. Birmənalı olaraq, demək lazımdır ki, vulkanın yaxınlığında tikinti işləri aparmaq qadağan olunsun. Mən özüm də bununla bağlı dəfələrlə xəbərdarlıq etmişəm. Vulkan zonası yaşayış sahəsindən ən azı 1-2 kilometr aralı olmalıdır. Mən burada insanların məskunlaşmasına yox, onların vulkanın kraterində məskunlaşmasına görə narahatam. Buna görə də insanlar öz təhlükəsizliyi üçün həmin ərazidən uzaqlaşmalıdırlar. Çünki vulkan zonasına yaxın ərazidə hər hansı qazıntı işlərinin aparılması baş verəcək vulkan püskürməsini tezləşdirir. 1974-cü ildə baş verən püskürmə geri qayıtsa, faciələr baş verəcək”.

Video: Rəşad Tuncay

Son xəbərlər

Orphus sistemi