Böyük Qafqaz dağları silsiləsində daş-qutu qəbirlər aşkarlanıb - FOTOREPORTAJ

Böyük Qafqaz dağları silsiləsində daş-qutu qəbirlər aşkarlanıb - FOTOREPORTAJ Qədim qəbirlər Quba rayonu ərazisində tapılıb
Multimedia
21 Oktyabr , 2015 15:15
Böyük Qafqaz dağları silsiləsində daş-qutu qəbirlər aşkarlanıb - FOTOREPORTAJ

Bakı. 21 oktyabr. REPORT.AZ/ Böyük Qafqaz dağları silsiləsində 12 daş-qutu qəbir aşkarlanıb. "Report"un məlumatına görə, bu qutu qəbirləri ərazidə mal-qara otaran çobanlar görüb.

Qədim daş qəbirlər Qubanın Qonaqkənd ərazi vahidliyinə daxil olan Ödüc kəndi ərazisində, Böyük Qafqaz dağlarının dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə yerləşən zirvəsində tapılıb. Ərazidə mal-qara otaran 63 yaşlı Zahid Aslanov deyib ki, 40 ilə yaxındır burada çobanlıq edir və ilk dəfə olaraq bu qəbirlərə rast gəlib: "Bu ərazi yaşayış məskənindən 55 kilometr aralıda yerləşir. Biz həmişə yaylaqdan-qışlağa, qışlaqdan-yaylağa bu ərazi ilə gedib gəlirik. Bura daimi qar örtüyü olan ərazilərdir. Bəzi hallarda olur ki, burada qar əriyir, torpaq görünür. Bu il qarın əriməsi ilə torpağ görünüb və qəbirlər aşkar olunub". 

"Report"un əməkdaşları qəbirlərin aşkar olunduğu yerdən bir neçə foto çəkib, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnustutunun aparıcı elmi işçisi Qəhrəman Ağayevə göstərib. Q.Ağayev bildirib ki, bu qəbirlər qədim dövrə aid olan daş-qutu qəbirlərdir: "Bu qəbirlər eramızdan əvvəlki dövrlərə aiddir. Bu qəbirlərə ona görə daş-qutu qəbirlər deyilir ki, bu tarixi qəbir abidələr qutu şəklində olur və bu qəbirlərdə başdaşı olmur".

Q.Ağayev bu qəbirlərin tarixi cəhətdən olduqca əhəmiyyətli abidələr olduğunu vurğulayıb. Arxeoloq onu da əlavə edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstutu qarşısında bu məsələ qaldırılmalı və çox əhəmiyyətli olan bu qəbir abidələri elmi cəhətdən öyrənilməlidir.

Son xəbərlər

Orphus sistemi