“Qaranlıq tuneldəyəm, uzaqdan haradansa bir balaca, çox az işıq görünür”
“Azərbaycanfilm” kinostudiyasında çəkilən 50-dən çox filmin ikinci rejissoru - Akif Rüstəmov. Ömrünün 55 ilini kinoya həsr edən 78 yaşlı sənətkar bu gün də sevilərək baxılan onlarla ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, "Babək", "Nizami", "Dərviş Parisi partladır", "Bağ mövsümü", "Güllələnmə təxirə salınır" və s.) ikinci rejissor kimi çalışıb, "Axırıncı dayanacaq” bədii filminə quruluş verib. Bu günlərdə Mədəniyyət Nazirliyinin rəhbərliyi tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovu evində ziyarət edib. Qocaman kinematoqrafçının Azərbaycan kinosuna verdiyi töhfələri yüksək qiymətləndirilib, ona nazirliyin Fəxri diplomu təqdim edilib.
"Report" tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovla müsahibəni təqdim edir:
- Akif müəllim, elə kinodan başlayaq. Sizin üçün kino nədir?
- Kinoya daxil oldunsa, oradan çıxmaq mümkünsüzdür. Kollektivlə, görkəmli şəxsiyyətlərlə işləyəndən sonra oradan çıxmaq mümkün deyil. “Azərbaycanfilm” kinostudiyası hamımız üçün ikinci ev olmuşdu. Həyatımızın böyük bir hissəsini orada keçirmişik. Elə olurdu ki, aylarla kinostudiyada qalırdıq. Məsələn, mən "Babək" filmi çəkilərkən 3 ay kinostudiyada qaldım. Həftəsonu evə gedib qayıdırdım. İş o qədər çox idi ki, hətta gecə saat 11-12-də pavilyonlar boşalandan sonra aktyorları qılınc, güləş məşqi üçün çağırırdım. Evim uzaq idi, gedib səhər yenidən qayıtmaq vaxtımı alırdı. Həm də insan o ritmdən çıxmaq istəmirdi.
- Dediyiniz o ritmdən çıxanda geriyə qayıtmaq çətin olur?
- Bəli. Bu kino belədir ki, başladınsa, gərək 24 saat işləyəsən. Hətta yuxuda da işləyirsən. Başqa cür ola bilməz.
- Akif müəllim, ikinci rejissorun işi nədən ibarətdir?
- Sadə dillə desək, quruluşçu rejissorun həm yaradıcı, həm də təşkilati baxımdan sağ əlidir. Bu vəzifə bütün ölkələrdə var. İkinci rejissor filmin əvvəlindən axırına qədər proseslərin birbaşa iştirakçısıdır. Çəkilişlərin planlaşdırılması, meydanın idarə edilməsi ikinci rejissora aiddir. Çünki quruluşçu rejissor aktyorlarla məşğuldur. Amma burada ikinci, üçüncü planlar da var. Bilirsiniz, filmdə nəinki rejissor qrupu, eyni zamanda operator, rəssamlar, geyim və s. qruplar var. İkinci rejissor həm də onların koordinasiyasını quran, belə desək, ona cavabdeh olan şəxsdir. Təbii ki, bunlar hamısı quruluşçu rejissorun fikrinə uyğun olaraq tənzimlənir, çünki filmin müəllifi odur. Sovet dövründə ikinci rejissoru qərargah rəisi adlandırırdılar. İşi çox idi, amma əməkhaqqı da yaxşı idi.
- Bir çox məşhur filmdə ikinci rejissor kimi fəaliyyət göstərmisiniz, bəs niyə özünüz müstəqil şəkildə film çəkməmisiniz, buna nə mane olub?
- Əlbəttə, hamı kimi mənim də elə arzum var idi ki, quruluşçu rejissor olum, öz filmimi çəkim. Əvvəla, sovet dövründə belə idi ki, quruluşçu rejissor olmaq üçün Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda beş il oxumalı idin. Hətta oradan gələnlərə əvvəlcə qısametrajlı film verirdilər, əgər özünü təsdiq edirdisə, ona böyük film tapşırırdılar. Hamısında belə olub - Tofiq Tağızadə, Həsən Seyidbəylidə, Eldar müəllim (Quliyev), Rasim müəllim də (Ocaqov). Onlar hamısı oranı bitiriblər. Bu məcburi və hesab edirəm ki, doğru idi. Amma məndə belə oldu ki, 1967-ci ildə kinostudiyaya gəldim. Fikirləşdim ki, bir az işləyim, sonra gedərəm. Onu da deyim ki, həmin dövrdə iş elə gətirdi ki, məndə filmlər ard-arda oldu. Sonra gördüm yaş 30-u keçib, həm də fikirləşdim ki, o cürə şəxsiyyətlərlə işləmişəm. Tutaq ki, getdim, sonra nə olacaq, elə o qalan da qaldım. Heç heyfsilənmirəm. Çünki kimsə bu vəzifəni tutmalı idi, kimsə də ikinci rejissor olmalı idi. Çox xoşbəxtəm ki, elə şəxsiyyətlərlə işlədim. Həm də o boyda "Nəsimi", "Babək", "Dədə Qorqud" kimi filmlərin ikinci rejissoru olmaq asan iş deyil (gülür).
- Bildiyim qədəri ilə Həsən Seyidbəyli sizi “Nəsimi” filminə rejissor kimi dəvət edəndə təxminən 24-25 yaşınız olub. O yaşda olan bir gənc üçün Həsən Seyidbəyli kimi bir rejissordan təklif almaq nə demək idi?
- Filmin hazırlıq dövrü başlayanda Həsən Seyidbəyli mənə zəng edib, təklifini etdi və dedi ki, gəlməlisən. Açığı, qorxdum. Elə telefonda səsim əsməyə başladı. Dedim Həsən müəllim, çox sağ olun, amma mən bu boyda məsuliyyəti götürə bilmərəm. Onda heç təcrübəm də yox idi. Dedi ki, yox oğlum, gəlməlisən, vəssalam. Səhəri gün isə teleqram gəldi ki, kinostudiyanın rəhbərinin yanına gəlməlisiniz. O vaxt “Azərbaycanfilm” kinostudiyasının rəhbəri rəhmətlik Ədil müəllim idi (Adil İsgəndərovu nəzərdə tutur). Mən də nə edim, oranın ştatlı işçisiyəm. Getdim. Bir xeyli söhbət etdik. Ədil müəllim dedi ki, ya gedib o filmi işləyirsən, ya da ərizəni yaz çıx get. Bu sözdən sonra nə etmək olardı? Başladıq, iş elə gətirdi ki, hər şey axarında, yaxşı getdi və onlar da razı qaldı. Mən indiyə qədər Ədil müəllimə də, Həsən Seyidbəyliyə də minnətdaram.
- Məşhur Azərbaycan filmlərinin çəkiliş prosesinin birbaşa iştirakçısı kimi kinomuzun bugünkü durumunda hansı çatışmazlıqları görürsünüz? Daha konkret desək, niyə ovaxtkı filmlərdən indi çəkə bilmirik?
- Birincisi, onda sovet dövrü idi. SSRİ-nin büdcəsi 3 şey ilə dolurdu - siqaret, araq, bir də kino. O vaxt istənilən ən zəif film belə xərclənilən pulun 4-5 qatını çıxarırdı. Amma elə filmlər vardı 30-40 qatını belə çıxara bilirdi. Onda pulumuzu Moskva verirdi. Belə ki, filmlərə yaxşı maliyyə ayrılırdı. Dövlətin kinoya xüsusi marağı və diqqəti vardı. Ən önəmlisi isə o vaxt Rasim Ocaqov, Şamil Mahmudbəyov, Həsən Seyidbəyli, Eldar Quliyev və başqaları var idi. İndi də var, amma onda başqa idi. Onlar böyük sənətkarlar idi.
- İndi uğurlu hesab etdiyiniz gənc, yaxud ortayaşlı rejissorlardan bir neçəsinin adını çəkə bilərsiniz?
- Yox ad çəkməyəcəm. Birdən kimsə yaddan çıxar, sonra biabır olaram. Amma var. Sadəcə olaraq tam o səviyyəyə gəlmək üçün məktəb çatışmır.
- "İncəsənət xalqa məxsusdur" fikrini əsas götürsək, sizcə, filmlər xalqın özünüdərk prosesində nə qədər rol oynayır?
- Hesab edirəm ki, dövlət və xalq kinosuz ola bilməz. Hətta mən bir dəfə haradasa demişdim ki, dövlətlərin çoxunu ya kino ilə, ya da futbolla tanıyırlar. Elə tanınmayan ölkələr var ki, bir də görürsən gedir “Oskar” mükafatı alır, hansısa festivalda qalib olur və ölkəsi tanınır. Kino həm ideoloji, həm də gəlir gətirmək baxımından çox önəmli vasitədir. Hələlik elə bir səviyyədəyik ki, gəlir məsələsi bir az çətindir. Amma ümidsiz yaşamaq mümkün deyil. Mən yaxşı olacağına ümid edirəm. Eşitdiyimə görə, Mədəniyyət Nazirliyində kino ilə bağlı müzakirələr gedir, bu sahəyə diqqət artırılır. Hətta gənclər arasında seçim edib, xarici kino məktəblərinə göndərmək fikri də var. Belə fikirlər var və bunlar çox xoş fikirlərdir.
- Sizcə, bu gün kino bazarının əsas tələbi nədir?
- Çəkiliş qrupunun məsuliyyəti böyükdür və məsuliyyət artırılmalıdır. Kinonun dəyərini iki amil müəyyən edir - tamaşaçı və zaman.
- Zaman dedikdə nəyi nəzərdə tutursunuz?
- Kinonun yaşadığı müddəti nəzərdə tuturam. Elə filmlər var bir ildən sonra unudulur. Elə filmlər də var ki, üstündən 50-60 il keçib, amma hələ danışılır. Kino elə çəkilməlidir ki, o kino bazarına çıxarıla, başqa ölkələrə satıla bilsin. Satılması üçün də kino yüksək dərəcədə baxımlı, maraqlı və professional olmalıdır.
- Akif müəllim, bəs bu istiqamətdə əsas boşluğu nədə görürsünüz, bəzən deyirlər yaxşı rejissor, mövzu və aktyor yoxdur...
- Hərəsindən bir az (gülür). Ancaq mənə elə gəlir ki, mövzu məsələsinə daha çox diqqət yetirməliyik. Yenə deyirəm yaxşı rejissorlarımız var, ancaq onunla kifayətlənmək olmaz, onları təhsil almaq üçün xarici ölkələrə göndərmək lazımdır. Onlar geri qayıdanda kinoya da, xalq da faydalı olacaq.
- Atanız neftçi olub və o vaxtın qabaqcıl işçisi kimi ona ev verilib. Hazırda yaşadığınız ev atanıza verilən evdir?
- Atamın evidir.
- Bir müddət əvvəl mədəniyyət naziri Adil Kərimli sizinlə evinizdə görüşdü. Ancaq fotoda evinizin bir qədər şəraitsiz olması diqqət çəkdi, bununla bağlı nazirlə söhbət oldumu?
- Xeyr, heç bir söhbət olmayıb, evdir də indi bir balaca nəsə ola bilər, onu da düzəltdirəcəm. Nazirin məni evimdə yad etməsi gözlənilməz və xoş oldu. Hətta dedim hara lazımdır mən özüm gəlim, dedilər yox, nazir deyib ki, mən özüm gedib görməliyəm. Diqqət üçün bir daha təşəkkür edirəm. Bu diqqət yalnız mənə yox, həm də kinoyadır.
- İşğaldan azad edilən torpaqlarda olmusunuz?
- Təəssüf ki, olmamışam. Qismət olar, gedərik, lap gedib film üzərində işləyərik. Düzdür, yaş artıq o deyil, amma hər zaman kömək etməyə hazıram.
- Son 5 ildə çəkilən hansı təsirli Azərbaycan filminə baxmısınız?
Bir qədər düşünür, Düşünə-düşünə dodağının altında köks ötürürərək “Getdi də Rasim müəllim, Eldar müəllim” deyir.
- Elçin Musaoğlunun “Nabat” filmi, Yavər Rzayevin “Xeyir ilə Şərin rəqsi” filmi pis deyildi, Elxan Cəfərovun müharibə haqqında çəkdiyi filmlər, Emil Quliyevin işləri talantlıdır, Mirsadiq Ağazadənin filmləri, Rövşən İsaxın həm filmləri, həm seriallarının adını çəkmək olar.
- Amma Rövşən müəllim müsahibələrinin birində deyir ki, müasir Azərbaycan kinosu yerində yatır...
- Yatıb etməyib. Azərbaycan filmi oyanmağa hazırlaşır (gülür).
- Hazırda kino ictimaiyyətində dostlarınız kimlərdir, mütəmadi olaraq danışdığınız, əlaqə saxladıqlarınız varmı?
- Aktyorlar çoxdur - Rasim Balayev, Qurban İsmayılov, Vidadi Həsənov, Rafiq Quliyev, Elbrus Vahidov var. Respublikasının baş qrimyoru, rejissor Rüfət Həsənov, Rövşən İsax, Mirsadıq Ağazadə, Eldəniz Rəsulov, Əlisəttar Quliyev.
- Bu yaşda özünüzü ömrün hansı çağında hiss edirsiniz?
Dərin bir ah çəkir...
- Bəlkə də, primitiv olar, amma deyim. Qaranlıq tuneldəyəm, uzaqdan haradansa bir balaca, çox az işıq görünür. Yanır-sönür, bu bir neçə dəfə təkrar edir, yenidən o işıq yanır, sönür və genişlənir.
- Hansı arzunuz hələ də reallaşmayıb?
- O vaxtı filmləri kateqoriyalara görə bölürdülər. Bir ən yaxşı kateqoriya idi, adətən filmlərə ikinci yer verirdilər. “Şərikli çörək” filminə də ikinci kateqoriya vermişdilər. Üstündən 3-4 ay keçmişdi, Moskvadan teleqram gəldi. Dedilər film o qədər tamaşaçı yığıb ki, avtomatik olaraq birinci kateqoriyaya keçsin.
Həmsöhbətim söhbətin bu yerində əlini əlinə vuraraq, gözündən düşən yaşı silir və davam edir.
- O gün kinostudiyada o filmdə işləyənlər üçün də, işləməyənlər üçün də bayram idi. Şəxsi həyatımda hər şey normaldır, arzularım kino ilə bağlıdır. İstəyirəm bizim elə filmlərimiz olsun ki, gedib “Oskar”ı qazansın, qalib gəlsin və bununla da hamını sevindirsinlər...