Yuxarı

Bakıdakı satış obyektlərində vəziyyət necədir - REPORTAJ

Reportun əməkdaşı ərzaq, elektron avadanlıqlar, geyim satılan mağazalarda olub

Bakı. 21 dekabr. REPORT.AZ/ Azəbaycan Mərkəzi Bankının 21 dekabr tarixindən üzən məzənnə rejiminə keçidlə bağlı qərarı və manatın devalvasiyası gün ərzində əhali arasında satış obyektlərində məhsulların bahalaşması, bəzi obyektlərin bağlanması, məhsulların satışının dayandırılması ilə bağlı şayiələrin yayılmasına səbəb olub.

"Report"un əməkdaşı Bakı şəhərində ərzaq, elektron avadanlıqlar, geyim satılan mağazalarda, qəzet köşklərində və bir sıra digər satış obyektlərinə gedərək real vəziyyətlə maraqlanıb.

"Rahat" və "Araz" marketlər şəbəkəsinə baxış zamanı məlum oldu ki, ərzaq məhsullarının qiymətində artım yoxdur, bu obyektlərdə alıcılar istənilən qədər məhsul ala bilərlər. Marketlərin inzibatçıları bildirib ki, bu hal hələ bir neçə gün davam edəcək, bütün mallar köhnə qiymətlərlə satılacaq.

"Rahat" marketlər şəbəkəsinin müdir müavini Emin Abdullayev "Report"a bildirib ki, bu gün Azərbaycanda baş verən devalvasiya prosesinin mağazalar şəbəkəsinə heç bir təsiri olmayıb: "Məhsulların qiymətlərində dəyişiklik və artım yoxdur. Müştərilərə aldıqları məhsulun həcmi və miqdarı ilə bağlı heç bir qadağa qoyulmur. Alıcılar istədikləri miqdarda mal almaqda azaddırlar. Yaxın günlərdə qiymətlərlə bağlı artımın olması haqqında bizdə heç bir məlumat yoxdur. Gələcək qiymət siyasəti ilə bağlı isə indi heç nə deyə bilmərik, çünki bu məhsulu alacağımız qiymətlə bağlıdır".

Araşdırma zamanı elektron avadanlıqlar satan mağazalarda çəkilişə icazə verilmədi və bildirildi ki, telefon satışı dayandırılıb. Paytaxtda bir çox telefon satışı həyata keçirən mağazalarda isə telefonların qiymətində kifayət qədər artım müşahidə olunur.

Qəzet satışı köşklərinə gəlincə, burada siqaretin qiymətlərində 50% bahalaşma müşahidə olunur, bəziləri siqaret satışını dayandırıb, bəziləri isə ümumiyyətlə fəaliyyət göstərmir. Köşk sahibləri və satıcıları buna səbəb olaraq firmaları göstərirlər. Firmalardan satışı dayandırmaq və baha satmaq kimi bildiriş aldıqlarını deyirlər. Həmçinin qeyd ediblər ki, firmalar köşklərə siqaret satışını dayandırıb.

Foto: Orxan Əzim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi