Bakıda taxta bazarında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-4 - FOTOREPORTAJ

Bakıda taxta bazarında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-4 - FOTOREPORTAJ Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Multimedia
22 Avqust , 2019 18:31
Bakıda taxta bazarında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-4 - FOTOREPORTAJ
Report/Elchin Murad

Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, yanğın üç saatdan çox davam edib: "Yanğının sahəsi, təxminən, 1500 kvardratmetrdən artıqdır. Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub". 

Nazir müavini bildirib ki, bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb: "Yanğın barədə məlumat daxil olan kimi, dərhal yanğın bölmələri hadisə yerinə cəlb olunub. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə də əməkdaşlarımız hadisə yerinə vaxtında çatıblar. Burada əsas məsələ suyun çatışmazlığı olub. Biz suyu öncədən daşıma yolu ilə əldə etdik. Yanğın tam söndürülüb. Yayılma təhlükəsi yoxdur".


*** 17:37

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğınla bağlı tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 əməkdaşına yerində yardım edilib. Daha üç nəfər (onlardan 2 nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib

FHN də yanğınla bağlı növbəti dəfə məlumat yayıb. "Report"a daxil olan məlumatda bildirilib ki, avqustun 22-də FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub: "Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib".


*** 17:04

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.


16:32

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.

"Report"un xəbərinə görə, hələ yanğının qarşısını almaq mümkün olmayıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".


*** 16:25

Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarı yanır.

"Report"a Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib.

"Baş verən hadisə böyük yanğın hesab edilir. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə barəsində əlavə məlumat veriləcək" - deyə G.Mehdiyeva bildirib.

Foto: Elchin Murad

Son xəbərlər

Orphus sistemi