Prezident İlham Əliyevin bu gün açılışında iştirak etdiyi “Çəmbərəkənd” parkı ziyarətçilərin istifadəsinə verilib.
"Report"un çəkiliş qrupu “Çəmbərəkənd” parkında olub və ziyarətçilərlə söhbət aparıb.
Ziyarətçilər parkın panoramasından razı qaldıqlarını, istirahət mərkəzində yaradılmış şəraitdən məmnun olduqlarını deyiblər.
Paytaxtın Səbail rayonu, Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınan yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.
Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Son illərdə paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə paytaxtın Səbail rayonunda salınan “Çəmbərəkənd” parkı da onlardan biridir. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir.