Artıq bir neçə gündür Bakıda milli kitab satış-sərgisi keçirilir.
Sərgidə yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, musiqili proqramlar təşkil olunub. Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı qızğın müzakirə panelləri təşkil edilib.
Tədbirin təşkilatçısı, “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu “Report”a bildirib ki, sərginin iki gündür başlamasına baxmayaraq, bura üz tutan kitabsevərlərin sayı kifayət qədərdir: "Əhval-ruhiyyə yüksəkdir. Kitablara çox böyük maraq var və bu bizi çox sevindirir”.
Ş.Xuduoğlu onu da vurğulayıb ki, kitablara ən azı 30-70 % endirim olunub. Milli kitab sərgisində hər kəsin büdcəsinə uyğun müxtəlif məzmunlu kitablar mövcuddur. Burada Azərbaycan, rus və ingilis dillərində bütün kitabları tapmaq mümkündür.
Qeyd edək ki, sərgi oktyabrın 10-na qədər davam edəcək. Bakı İdman Sarayında keçirilən sərgiyə giriş sərbəstdir.