“Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) əhalinin içməli su təhcizatı üzərində xəbərdaredici sanitariya nazarəti istiqamətində tədbirlər həyata keçirir. Ölkə ərazisində içməli su təhcizatı sistemlərinin yenidən qurulması ilə ələqədər hazırlanan lahiyə sənədləri razılaşdırılmaq üçün RGEM-ə təqdim edilir. Həmin sənədlər qüvvədə olan sanitariya və tikinti normalarına uyğun olaraq yoxlanılır, müvafiq rəy və təkliflər hazırlanır”.
Bunu “Report”a açıqlamasında mərkəzin Kommunal gigiyena bölməsinin müdiri Eldar Abdullayev deyib.
O bildirib ki, “Azərsu” ASC tərəfindən ehtiyat su anbarlarının yuyulub zərərsizləşdirilməsi razılaşdırılmış metodiki təlimat əsasında ərazi Gigiyena və Epidemiologiya Mərkəzlərinin nəzərəti altında aparılır: “Yuma zərərsizləşdirilmə tədbirləri başa çatdırıldıqdan sonra dövlət sanitariya xidməti mütəxəssisləri tərəfindən götürülən su nümunələri RGEM-in laboratoriyalarında müayinə olunur. Müayinənin nəticələri əsasında su anbarlarının istismara hazır olub-olmadığı və ya suyun dövlət standartlarına uyğun gəlməməsi səbəbləri araşdırılır, lazım gələrsə, ehtiyat su anbarlarının təkrar yuyulması tələb edilir və sonradan laborator müayinələr təkrarlanır”.
E.Abdullayev eyni zamanda ölkə üzrə sahələr və rayon mərkəzlərində stasionar nöqtələrdən su nümunələrinin götürülərək RGEM-in laboratoriyalarında sistemli nəzarət edilməsi məsələsinə də toxunub: “Əhaliyə şəbəkədən verilən suyun keyfiyyəti və təhlükəsizlik göstəricilərinə nəzarət məqsədi ilə təsdiq olunan cədvəl üzrə respublikanın 61 şəhər və rayon mərkəzlərində müəyyən edilən stasionar nöqtələrindən ərazi GEM-ləri tərəfindən su nümunələri rübdə bir dəfə götürülür. RGEM-in laboratoriyalarında və Bakı şəhərinin rayon GEM-ləri tərəfindən stasionar nöqtələrdən ayda bir dəfə su nümunələri götürülərək, rayonlararası laboratoriyalarda orqanaleptik, kimyəvi və bakterioloji göstəricilərinə görə müayinə olunur”.
E.Abdullayev müayinələrin qeyri-kafi nəticələri üzrə müvafiq tədbirlərin görülməsi, suyun çirklənmə səbəblərinin aydınlaşdırılması və bu səbəblərin aradan qaldırılması üçün “Azərsu” ASC-nin şəhər və rayon Sukanal İdarələrinə təkliflərin verilməsi haqda da danışıb. Həmsöhbətimiz müayinələrin nəticələrinin normativ tələblərə uyğun gələnədək tədbirlərin davam etdirildiyini vurğulayıb.
“Kür və Araz çayları boyunca yerləşən yaşayış məntəqələrində əhalinin keyfiyyəti və epidemioloji cəhətdən təhlükəsiz su təminatı məqsədi ilə respublikanın 26 rayonunun 459 kəndində quraşdırılmış modul tipli su təmizləyici qurğularında təmizlənilən, zərərsizləşdirilən və 481 kənd əhalisini içməli su ilə təmin edən təchizat üzərində nəzarət aparılır. İldə iki dəfə RGEM-in mütəxəssisləri və səyyar laboratoriyanın işçiləri tərəfindən modul tipli su təmizləyici qurğulardan verilən suyun keyfiyyətinə nəzarətlə əlaqədar Azərsu ASC-nin yerli nümayəndələrinin iştirakı ilə monitorinq keçirilir. Aparılan monitorinq nəticələri üzrə Azərsu ASC-nə müvafiq təkliflər verilir”, - bölmə müdiri əlavə edib.
Mərkəzin nümayəndəsi Bakı şəhərinin içməli su təhcizatının yerüstü su mənbələrindən olan Ceyranbatan gölü və Kür çayı, yeraltı su mənbələrindən olan Oğuz rayonunda 74 artezian və subartezian quyuları (Oğuz - Qəbələ - Bakı Su Kəməri), Xaçmaz rayonundakı artezian və bulaqlar vasitəsi ilə təmin edildiyini bildirib: “Həmin mənbələrdən verilən su keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə dövlət standartlarının tələblərində uyğun gəlməsi məqsədi ilə müvafiq çökdürmə, təmizlənmə və zərəsizləşdirmə etaplarından keçir. Qeyd edilən mənbələrdən verilən suyun emalı üzərində ayda bir dəfə və Bakı şəhərinə daxil olduqdan sonra isə şəhərin müxtəlif ərazilərində yerləşən 22 mərkəzi su anbarı və nasosxanalarında həftədə bir dəfə Respublika GEM-i tərəfindən laboratoriya tədqiqat üsullarının tətbiqi ilə nəzarət aparılır”.
Respublika GEM-in Kommunal gigiyena üzrə məsləhətçisi Leylaxanım Tağızadə isə beynəlxalq əməkdaşlıq barədə söhbət açıb.