Bakıda dünyanın ilk tanker-muzeyinə üz tutan turistlərin sayı artıb - VİDEOREPORTAJ

Bakıda dünyanın ilk tanker-muzeyinə üz tutan turistlərin sayı artıb - VİDEOREPORTAJ Bakıda fəaliyyət göstərən “Suraxanı” tanker-gəmi muzeyinə üz tutanların sayı günü-gündən artır
Multimedia
428
16 Aprel , 2022 13:51
Bakıda dünyanın ilk tanker-muzeyinə üz tutan turistlərin sayı artıb - VİDEOREPORTAJ

Bakıda fəaliyyət göstərən “Suraxanı” tanker-gəmi muzeyinə üz tutanların sayı günü-gündən artır. Dünyanın ilk tanker-muzeyinə yerli sakinlərlə yanaşı turistlər də təşrif buyurur. Burada qonaqlar Xəzərin və ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazanırlar.

"Report”un əməkdaşı “Suraxanı” gəmi-muzeyində olub, bələdçi müşaiyəti ilə tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olub.

Muzeyə üz tutan ziyarətçilər Azərbaycanda ilk olan unikal 360 dərəcəli ekranla həm Azərbaycanın tarixini, həm də dənizçilik barədə ətraflı məlumatlar əldə edirlər.

Muzey bələdçisi Leyla Bağırova “Report”a bildirib ki, “Suraxanı” tanker-gəmi muzeyinə gələnlərin əksəriyyəti məktəblilər və tələbələrdir:

“Ziyarətçilər arasında turist sayı da kifayət qədərdir. Onlar da burada fotoşəkil çəkdirib, xoş təəssüratlarla ayrılırlar”.

Muzeyə giriş fərdi ziyarətçilər üçün 5 AZN, 8-10 nəfərlik qrup üzvləri üçün adambaşına 3 AZN, tələbə və şagirdlər üçün 2 AZN təşkil edir. Şəhid və Vətən müharibəsi iştirakçılarının ailələri üçün muzeyə giriş ödənişsizdir.

Qeyd edək ki, bir zamanlar Xəzər dənizində üzən "Suraxanı" gəmisi dünyanın ilk tankeri “Zoroastr”la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4 696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmidən biridir.

Son dövrlər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.

Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Bu məqsədlə ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun, eləcə də “Xəzər” MMC-nin insan və texniki resursları səfərbər edilib. Gəminin gövdə və digər hissələrində təmir-yenidənqurma işlərinə ümumilikdə 2 000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.

Ötən il mart ayının 1-də Prezident İlham Əliyev “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak edib.

Operator: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi