Yuxarı

Bakıda birincilərin məktəb sevinci - VİDEOREPORTAJ

Bakıda birincilərin məktəb sevinci

2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq Bakıda yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəbin birinci sinif şagirdləri üçün tədbir keçirilib.

“Report”un xəbərinə görə, tədbir təhsil müəssisəsinin qarşısında yerləşən Sahil bağında gerçəkləşib.

Tədbirdə I sinif şagirdləri müxtəlif mövzuda şeirlər səsləndiriblər.

Məktəbin direktoru Könül Həsənova çıxışında birinci sinfə qəbul olan şagirdlərə uğurlar arzulayıb. O bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı 2009 -cu ildə "Novator Məktəblər Proqramı”nda dünya üzrə iştirak üçün seçilən 44 məktəbdən biridir: “Hazırda məktəbimizdə 1062 nəfər şagird təhsil alır. Bu il birincilər üçün 3 sinif təşkil olunub. Həmin siniflərə, ümumilikdə, 82 şagird qəbul olunub. Siniflərin 2-si Azərbaycan, digəri isə rus dil böməsidir”.

Məktəbin Azərbaycan dili bölməsinin birinci sinif şagirdlərinin müəllimi Lalə Qurbanova hər bir valideyn kimi özünü xoşbəxt hiss etdiyini bildirib: “Çünki bu gün mən onlarla şagirdin müəllimiyəm və onların yetişməsində böyük rolum olacaq. 11 il öncə birinci sinifə qəbul olan şagirdlərimiz bu gün ali təhsil müəssisələrinin tələbəsi adını qazanıb. Bütün bunlar bizi sevindirir. Eyni zamanda bizim vaxtilə birinci sinifdə dərs dediyimiz şagirdlər yeni-yeni uğurlara imza atıblar. Biz ümid edirik ki, bu gün birinci sinfə qəbul olan şagirdlərimizin də səsi 11 il sonra nüfuzlu təhsil müəssisələrindən gələcək”.

Daha sonra valideynlər öz sevinclərini bölüşüblər.

Qeyd edək ki, M.Rahim adına 7 nömrəli tam orta məktəb zəngin tarixi olan və bu gün müasirliyin önündə gedən qabaqcıl təhsil ocaqlarındandır. Məktəb ötən əsrin əvvələrində, yəni 1928-ci ildə ibtidai - orta məktəb ( I-VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını daşıyıb. Dərslər rus dilində keçirilib. 1940-1946 - cı illərdə məktəbin binasından hərbi hosbital kimi istifadə olunub. 1950-ci ildən başlayaraq 7 nömrəli məktəb Azərbaycan dilində tədrisə başlayıb. 1977- ci ildə xalq şairi M.Rahimin 70 illik yubileyində məktəbə onun adı verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi