Quba-Qonaqkənd avtomobil yolunda aparılan yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, tikintisi 2018-ci ilin sonlarında başlayan, 68 min sakinin yaşadığı, 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr olan Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması işinin davamı olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "5 saylı Quba Yol İstismarı İdarəs" MMC tərəfindən yolun ikinci qat üzlük asfalt örtüyünün çəkilməsinə və yol nişanlarının qoyulması, yolun xətlənməsi və çiyin bərkitmə işlərinin görülməsinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "5 saylı Quba Yol İstismarı İdarəsi" MMC-nin direktoru Gülağa Əliyev "Report"un yerli bürosuna bildirib ki, bu yol keçdiyi ərazinin relyefinə uyğun olaraq, III və IV texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur: "Müvafiq olaraq yolun torpaq yatağı 12 metr, asfalt hərəkət hissəsi 7 metr, ümumi asfalt örtüyü 12 santimetr, 7 ədəd körpü, 46 ədəd su ötürücüsü təşkil edir. Həmçinin yolun 29-30-cu kilometrliyində Təngə dərəsində ensiz hissə sərt qayaları çapmaqla genişləndirilərək 4 metrdən 10 metrə çatdırılıb. Təngə dərəsində ilboyu fəaliyyət göstərəcək obyekt tikilir ki, bu da "Qış turizmi"nin inkişafına təkan verəcək. Bununla yanaşı, Qonaqkənd qəsəbəsində yeni tikilən mədəniyyət evinin həyətinə asfalt döşənməsi, H.Əliyevin abidəsinin tikintisi və ətrafına asfalt döşənməsi işləri aparılıb. Yolun tikintisində 50 nəfərdən artıq işçi qüvvəsi və 20-dən artıq maşın və mexanizmlər işləyir. Yolun tam təhvil verilməsi cari ilin sentyabr ayına planlaşdırılıb".
Qeyd edək ki, Quba-Qonaqkənd-Şamaxı yolu respublikanın şimal və qərb hissələrini birləşdirən avtomobil yoludur. Bu yolun 46 kilometri Quba-Qonaqkənd, digər 60 kilometr hissəsi Qonaqkənd-Şamaxı yolunu təşkil edir.
Yolun Şamaxı-Qonaqkənd istiqamətindən tikintisi başlayıb, 13 kilometri Qızmeydan adlanan yerədək çəkilib.