Azərbaycana qeyri-adi formada turist səfəri - FOTOREPORTAJ - VİDEO

Azərbaycana qeyri-adi formada turist səfəri - FOTOREPORTAJ - VİDEO Avtobusun qoşqu-yatağı 42 nəfərin rahat yatması üçün nəzərdə tutulub
Multimedia
29 May , 2018 13:15
Azərbaycana qeyri-adi formada turist səfəri - FOTOREPORTAJ - VİDEO
Report/FIri Salim
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Mayın 20-də Azərbaycana qeyri-adi formada turist səfəri başlayıb. “Rotel Tours” şirkətinin təşkil etdiyi səfər zamanı turistlər avtobusun arxasına bağlanmış xüsusi qoşquda yatmaq imkanı əldə edirlər. 

Tur və marşrutla bağlı “Report”un suallarını cavablandıran şirkətin nümayəndəsi Qehard Krüqer (Gerhard Krüger) deyib ki, Azərbaycana 18 sərnişinlə gəliblər: “Avtobusumuz 34 sərnişin üçün nəzərdə tutulub, amma bu dəfə 18 nəfərlə səyahətə çıxmışıq. Bundan əlavə 2 nəfər bələdçi və 1 sürücümüz var. Bələdçilərdən biri yerlidir. İki sürücümüz var idi. Tehrandan çıxanda ona zəng edib bildirdilər ki, anası dünyasını dəyişib. Ona görə də təcili Almaniyaya dönməyi qərara aldı”.

Q.Krüqer təmsil etdiyi şirkətin 70 ildir belə turlar təşkil etdiyini qeyd edib. Onun sözlərinə görə, yeni yataq sistemini də özləri ixtira ediblər: “Şirkətimiz fəaliyyətə Münhen şəhərində daxili səyahətlərdən başlayıb. Əvvəl sərnişinlər çadırlarda qalırdı. Sonradan rəhbərliyimiz yağışlı havanı nəzərə alıb belə yataq sistemini icad etdi. Hazırda gördüyünüz bu qoşqu-yataq 42 nəfərin rahat yatması üçün nəzərdə tutulub. Yerlərdən 34-ü sərnişinlər, digərləri isə işçi heyət üçün nəzərdə tutulub. Qoşquda yataqlar bir-birinin üstündə olmaqla 3 sıradır. Hər bir şəxsin özünün xüsusi işıq və əks tərəfə açılan kiçik pəncərəsi var”.

“Hazırda dünyada 60-dan artıq avtobusumuz var ki, onlarla sərnişin daşıyırıq. Bəzi avtobuslarımızda qoşqu yoxdur. Avtobusun bir hissəsi yataq, digər hissəsi sərnişinlərin oturması üçün nəzərdə tutulub. Bu avtobuslarda maksimum 20 sərnişin ola bilər. Belə avtobusları Amerika və Avstraliyada istifadə edirik. Çünki burada yollar daha rahatdır”, - Q.Krüqer əlavə edib.

“Rotel Tours” rəsmisi Azərbaycana səyahət etmək istəyən sərnişinlərin 2 həftəyə 3 min avro civarında vəsait ödəməli olduqlarını da qeyd edib: “Qiymətlərimiz ölkəyə və səyahət müddətinə görə dəyişir, yəni hər gün üçün 130-160 avro arası. Bu qiymətlərə Almaniyadan səyahət başlayan ölkəyə uçuş, səyahət müddətində muzeylərə giriş, səhər və şam yeməyi, həmçinin səyahət bitəndən sonra geriyə uçuş bileti də daxildir. Azərbaycandan keçməklə reallaşdırdığımız səyahət üçün sərnişinlər 2790 avro ödəyirlər. Biz bu səfərimizə ötən həftə (mayın 20-də) Tehrandan başladıq. Azərbaycan, Gürcüstandan keçməklə Ermənistanda bitirəcəyik. Ümumi səfər müddəti iki həftədir. Növbəti turumuz isə İrəvandan başlayacaq və əks istiqamətə davam edib Tehranda bitəcək. Ən qısa səyahətimiz 2 həftə, ən uzunu isə 50 gün davam edir ki, bu da, adətən, Avstraliyada reallaşır. Sərnişinlərimizin 85%-i Almaniyadan, bir hissəsi Avstriya və İsveçrədən olur. Hazırda Bakı turunda 1 polşalı xanım sərnişinimiz var. O, bizimlə 20 ildir səyahət edir. Azərbaycandan müştərimiz olmayıb. Amma kim istəsə xidmətimizdən yararlana bilər. Normalda müştərilərimiz orta yaş qrupundadır. Təqribən, 55-65 yaş arasında olan insanlar təklikdə bu yerlərə səyahət edə bilmirlər”.

Son xəbərlər

Orphus sistemi