“America's Got Talent”ın azərbaycanlı finalçısı: “Nərdivanımın 20 min dollar qiyməti var” - VİDEO - MÜSAHİBƏ

“America's Got Talent”ın azərbaycanlı finalçısı: “Nərdivanımın 20 min dollar qiyməti var” - VİDEO - MÜSAHİBƏ “Amerikada şouda yıxılmışdım, 3 gün komada qaldım”
Multimedia
21 İyun , 2017 16:46
“America's Got Talent”ın azərbaycanlı finalçısı: “Nərdivanımın 20 min dollar qiyməti var” - VİDEO - MÜSAHİBƏ
Report.az

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanlı sirk ustası, qatıldığı America's Got Talent yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq qazanan Üzeyir (Uzeyer) Novruzovun "Report"a müsahibəsi

- Harada yaşayırsınız?

- Hazırda Amerikada, Las-Veqas yaşayıram. Lakin daim uzunmüddətli qastrol səfərlərində oluram.

- Hansı ölkənin vətəndaşısınız?

- ABŞ və Rusiya vətəndaşıyam. Təəssüf edirəm ki, Azərbaycan vətəndaşlığım yoxdur.

- Harada anadan olmusunuz?

- Qərbi Azərbaycanda, Göyçə mahalında anadan olmuşam. 10 yaşıma qədər orda yaşamışam. 1987-ci ildə, qaçqınlıqdan qabaq biz ordan çıxmışıq, Krasnodar vilayətinə köçmüşük. Uzun müddət orada yaşamışıq.

- Amerikada daimi iş yeriniz var?

- Bəli, tok-şouda işləyirəm. Nömrəmi tək göstərirəm

- Ailənizdə sizdən başqa bu sənətlə məşğul olanlar var?

- Bəli, qardaşlarım da sirk ustasıdır. İncəsənət sevgimizin səbəbkarı atamdır. Atam vaxtı ilə güləşçi olub, həm də yaxşı səsi var idi, oxuyurdu. Onun arzusu idi ki, biz incəsənətin hansısa bir növü ilə məşğul olaq. Amma sırf sirk ustası olmağımızı istəyirdi desəm yalan olar, yəni muğam oxuya bilərdik, musiqi alətlərindən hər hansı birini ifa edə bilərdik. Qardaşlarım musiqi alətlərində ifa edə bilirlər. Onlar komik akrobatika ilə məşğuldurlar, Avropada işləyirlər. Hələ ki, bir yerdə işləyə bilmirik. İnşaallah ki, gələcəkdə birləşərik.

- Bakıya səfəriniz nə ilə bağlıdır?

- Formula 1 də şou göstərəcəm. Məni Azərbaycan dəvət edib. Onlar 3 günlük dəvət etmişdilər, mən isə tez-tez gələ bilmədiyim və yol uzaq olduğu üçün üç həftəlik ailəmi də götürüb gəldim.

- Əvvəllər Bakıda səhnəyə çıxmısınız?

- Bakıda heç vaxt səhnəyə çıxmamışam. Formula 1 yarışında iştirakım vətənimdə ilk çıxışımdı. Bu mənim arzum idi, şükür ki, reallaşır. Ümüd edirəm ki, axırıncı deyil. Əlbəttə, mən də istəyərəm ki, öz vətənimdə də səhnəyə çıxım. Düşünürəm ki, gələcəkdə yeni işlərlə Bakıya gələcəm.

- Axırıncı dəfə neçə il əvvəl vətəndə olmusunuz?

- Biz uşaq olanda atam, anam daimi gəlib gedirdilər. Biz uşaq idik, oxuyurduq deyə o qədər də tez gələ bilmirdik. Vətəndən çıxandan sonra bir dəfə atamla gəlmişəm, ikinci dəfə isə 2000-ci ildə atam rəhmətə gədəndə gəlmişdim. Onu Gəncədə dəfn etdik. Anam da ondan sonra geri qayıtmadı, artıq 17 ildir Gəncədə yaşayır.

Axırıncı dəfə vətəndə 2013-cü ildə olmuşam. Belə gec-gec gəlməyim işlərin çoxluğu ilə bağlıdır, qastrollar da çox olur, bir də ki, Azərbaycan çox uzaqdır. Uşaqlar məktəbə gedir, ancaq yayda imkanları olur, yayda da mənim işlərim sıx olur.

- "America's Got Talent" yarışmasına necə qatıldınız, bu yarışma həyatınızda nəyi dəyişdi?

- Mənim üçün bu, adi səhnə çıxışı idi. İnanmazdım belə maraq olacaq. Bu şənətlə 20 ildir məşğul oluram. Mən yaşadığım bölgədəki sirkin artistiyəm, amma orada rəqabət çoxdur. Bu səbəbdən də özünü tanıtmaq çətindir.

Müsabiqədə çıxış məqsədim televiziyada görünmək və tanınmaq idi. Bu isə düşündüyümdən də uğurlu oldu, müsabiqədə finala kimi gedib çıxdım. Demək olar yarım il onlarla bir oldum.

Finala yaxın səhnələrin birində yıxılmışdım, zədəm var idi. Amma buna baxmayaraq proqramı izləyənlər mənə çox səs verdikləri üçün finala çıxdım. Bu, mənə stimul verdi, əlim və ayağımın zədələnməsinə baxmayaraq tamaşaçılarımın qarşısına çıxmağa çalışdım.

- Zədələriniz çoxmu olub? İşiniz nə qədər təhlükəlidir?

- Bəli, zədələrim çox olub. Ən ağır zədəm on il bundan qabaq olmuşdu. Amerikada şouda yıxılmışdım, 3 gün komada qaldım. Biləklərimin hər ikisi sınmışdı.

O vaxtlar səhnəyə çox çıxmırdım, təzə başlamışdım. Yıxıldığım nərdivanın hündürlüyü 4-4,5 metr olardı.

- Ən hündür nərdivanınız neçə metrdir?

- Ən hündür nərdivanım 6 metrə qədər olub. Həmin nərdivan ilə 8 dəqiqəyə qədər müddətdə şou göstərmişəm.

- Necə oldu ki, şou aləti olaraq, məhz nərdivan seçdiniz?

- Mən nərdivanı seçməmişəm, deyəsən nərdivan məni seçib (gülür). Bilmirəm vergidir, ya qismətim. Ayağımla balansım çox güclüdür, ona görə nərdivanla işləyə bilirəm.

- Nərdivanınızın materialı nədir, kim, harda hazırlayır? Sirr deyilsə qiyməti neçəyədir?

- Nərdivanım çox olub. Sadə dəmirdən başlamışam, o çox ağırdır və dəyəndə ağrıdır. Sonra aliminiuma keçdim, o isə adamın əlini qaraldır, bəzən tez sınır. Bir az imkanım olanda isə titana keçdim. Titan bahadır, amma güclü və yüngül materialdır. Hazırda ancaq titan olan nərdivanlardan istifadə edirəm.

Titan nərdivan baha başa gəlir. Birinin 15-20 min dollar qiyməti var.

- Neçə nərdivanınız var?

- Hazırda 7 nərdivanım var. 2-si çox hündürdür, biri yığılır, 3-ü titandır, biri isə aliminium...

- Bakıda şouda iştirak üçün hansı nərdivanınızı gətirmisiniz? 

- Titan nərdivanı gətirmişəm, o həm də yığılır, yüngüldür.

- Səfərə gedən zaman nərdivanı aparmaq problem olmur ki?

- Xeyr, heç bir problem olmur. Adi yük kimi bağlayırıq, sadəcə üzərinə alət olduğunu, qırıla biləcəyi ilə bağlı bir yazının yapışdırılmasına çalışıram.

- Nərdivanınızın qırıldığı hal olub?

- Təbii ki, səhnədə, şou zamanı belə hallar olur. Titan nərdivanlar qırılanda şüşə kimi çat verir, dağılır. Amma bu hadisə ilə bağlı ciddi zədə almamışam.

- İşinizlə bağlı ən yüksək qonorarınız nə qədər olub?

- Bu sirdir, deyə bilmərəm (gülür). Amma onu deyə bilərəm ki, çox ucuz qonorarla başlamışam. Ümumilikdə isə qiymət işə, işin və şounun müddətinə baxır. Amma bu televiziya proqramından sonra çox tanındım və bu da təbii ki, işimin qiymətinə də təsir etdi. Hazırda işlər yaxşı gedir. Bizdə var e, müğənnilər tanınanda toy qiymətlərini qaldırırlar, onun kimi...

- Səhnə geyimlərinizi necə seçirsiz?

- Təzə başlayanda tikilirdi. İndi isə adi mağazalardan alıram. Ötən əsrlərin geyimlərinə uyğun paltarlar seçirəm. Çarli Çaplin paltarları deyirlər. Yəni obrazıma uyğun.

- Necə oldu ki, Çarli Çaplin obrazını seçdiz?

- Moskvada peşə məktəbində təhsil almışam. İlk kursda oxuyanda  səhnəyə çıxmışdım, onların məşhur klounlarında biri tədbirdən sonra mənə yaxınlaşdı və bildirdi ki, çıxışımı çox bəyənib. Dedi ki, məni Çarli Çaplin oxşadıb. Mən onda heç bilmirdim Çarli Çaplin kimdir. Mən akrobat və başqa işləri düşünürdüm, həmin şəxs mənə dedi ki, sən kloun olmalısan. Bu şoudan sonra isə hamı məni Çarli Çaplinə bənzətdiyini dedi və artıq məni o cür yadda saxlayıblar.

- Filmə çəkilmək istəyərdiniz?

- Çox istəyərdim, çox. Şükür Allaha ki, arzularımın çoxuna çatmışam. Ümid edirım ki, bu da olar. Adını hələ fikirləşməmişəm. Artıq mənim obrazım tapılıb. Köhnə ilə təzəni remiks edib maraqlı bir şey yaratmaq olar məncə.

Bir kinoda səhnə almışam, amma hələ çıxmayıb deyə, adını açıqlaya bilmirəm.

- Azərbaycanla bağlı xəbərləri oxuyursunuzmu?

- Əlbəttə. Bu şoudan sonra bütün sosial şəbəkələrdə həmyerlilərim tərəfindən dostluq təklifləri artıb, hamı yazır, fəxr etdiklərini deyirlər. Bu məni çox qürurlandırır və motivasiya verir. Bütün sosial şəbəkələrdə mesajları özüm şəxsən cavablandırmağa çalışıram.

- Dünyanın neçə ölkəsində olmusuz?

- Bu yaxınlarda istədim ümumilikdə olduğum ölkələri, şəhərləri sayam. Amma olmadı. Ümumi deyim ki, 4 qitədə olmuşam.

- Formula 1 yarışından sonra hansı ölkəyə gedəcəksiniz?

- Ailəmlə gəldiyim üçün, evimə, yəni Las-Veqasa qayıdacam. Orda şouda işləyirəm, hazırda 3 həftəlik məzuniyyət götürmüşəm. Dəvətlər çoxdur, ordan hara gedəcəyimlə bağlı hələ danışıqlar aparacam.

- Danışıqları özünüz aparırsınız?

- Bəli, hamısını özüm aparıram.

- Ailəlisinizmi, neçə uşağınız var? Həyat yoldaşınız sənətinizlə bağlı olan xanımdır?

- Əkiz qızlarım var. Yoldaşım rusdur, vaxtı ilə gimnast olub. Ailə qurandan, uşaqlarımız olandan sonra isə işləmir, evdar xanımdır.

- Ailə üzvləriniz hansı dildə danışır?

- Yoldaşım Azərbaycan dilini bilir, elə Azərbaycan dilində də danışır. Qızlarım da Azərbaycan dilini bilir, başa düşürlər. Anam onlarla Azərbaycanca danışır. Amma onlar başa düşsələr də, fikirlərini rusca ifadə edirlər.

Onların birinci dili ingilis dilidir. Çünki Amerikada anadan olublar, ora vətəndaşıdırlar. Mənə ingilis dili ilə bağlı kömək lazım olanda qızlarıma müraciət edirəm.

- Qızlarınızın incəsənətə, sizin peşənizə marağı varmı?

- Onlar məni izləməyi çox sevirlər. Mən onları bu sahəyə yönəltmədim, heç bu sahədə işləməklərini də istəmərəm. Bu peşə qız və qadın üçün çətin işdir. Qızlarım təhsil alır, bundan əlavə çox gözəl tennis oynayırlar. Bir də rəsm çəkirlər.

- Qızlarınız Azərbaycanı bəyəndilər?

-  Əlbəttə, çox sevirlər. Hazırda Gəncədə anamın yanındadırlar. Burda fərqli mədəniyyət var, onların çox xoşuna gəlib. Dağa çıxmışdılar, açıq hava, təbiət, ev heyvanları onların marağına səbəb oldu.

Son xəbərlər

Orphus sistemi