Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi əraziyə baş çəkib.
"Report"un əməkdaşı xəbər verir ki, jurnalistlər helikopterlərlə ərazini müşahidə edib.
Ərazidə axtarışla bağlı yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib. Müşavirədə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Avstriya Daxili İşlər Nazirliyinin dağ xilasetmə polisi Adolf Herrer və qərargaha rəhbərlik edən digər şəxslər iştirak ediblər.
Xatırladaq ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.