"Report"un Cənub Mərkəzinin könüllüləri Lənkəran şəhərində rəssam-heykəltaraş Tərlan Sadıqovla görüşüblər.
T.Sadıqovun uşaqlıq arzusu rəssam olmaq olub. Bu həvəslə Ə.Əzimzadə adına rəssamlıq məktəbini oxuyub və əla qiymətlərlə bitirib. Lakin İncəsənət Universitetinə daxil olan zaman müəlliminin təkidi ilə keramika ixtisasını seçməli olub. İndi bunun üçün peşman deyil, əksinə müəlliminin uzaqgörənliyindən və ona düzgün istiqamət verdiyindən razıdır.
Artıq 25 ildir ki, Tərlan heykəltaraşlıq və rəngkarlıq bacarığından yararlanaraq keramika sənəti ilə məşğul olur. Onun əl işləri təkcə Lənkəranda deyil uzaq-uzaq ölkələrdən gələn turistlərin sayəsində dünyanın dörd bir yanına yayılmaqdadır.
Tərlanın əl işlərinə maraq göstərən istənilən şəxs aldığı suvenir və ya kompazisiya vasitəsilə təkcə bir ustanın əl işi ilə deyil, bütöv bir xalqın mədəniyyəti, etnoqrafiyası, zəngin folkloru ilə də tanış olmuş olur.
Gözəlliyi daha çox millilikdə görən keramikaçı rəssam kompazisiyalarında Azərbaycanın milli dəyərləri ilə yanaşı, bölgələrimizin də özünəməxsusluğuna, geyim mədəniyyətinə, məişətinə xüsusi önəm verir. Demək olar ki, bütün əl işlərində hər bir detalı, tipajları məharətlə kompazisiyalarına daxil edir.
Tərlan usta deyir ki, hazırladığı suvenirləri daha çox əcnəbi turistlər alır: "Qiymətlər 15 manatdan başlayır və həcminə görə dəyişir. Daşınma çətinliyi olduğu üçün turistlər nisbətən yığcam suvenirlər almağa üstünlük verirlər. Zəngin kompazisiyalı işlər isə adətən rəsmi qonaqlara təqdim olunur".
Usta Tərlanın gileyi isə yerli alıcılardandır: "Çünki, keramika sənətinə lazımi qiymət verilmir. Baxmayaraq ki, bu sənət daha çox zəhmət, diqqət, vaxt tələb edir sifarişçilər hədiyyə üçün daha çox portret çəkdirməyə üstünlük verirlər".
Lənkəranda Uşaq Rəssamlıq məktəbində müəllim kimi çalışan T.Sadıqov sənəti ilə ailəsini dolandırır. Arzusu ailəsində böyüyən iki övladından birinin onun sənətini davam etdirməsidir.
"Report"un Cənub Mərkəzinin könüllülərinin hazırladığı videoreportajı təqdim edirik.