Səhər saat 08:45-də Ağdamın Evoğlu postunda toplaşırıq. İstiqamət işğaldan azad edən Ağdam şəhərinədir. Koordinator dönə-dönə tapşırır ki, təyin olunmuş, işarələnmiş ərazilərdən kənara çıxmaq olmaz. Çünki hər yer minalanıb...
Ağdam rayonu 1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayonun sahəsi 1150 kvadrat km-dir. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olmuşdu. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 5 897 nəfər şəhid, 3 531 nəfər isə əlil olub.
Vətən müharibəsindən sonra, Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata əsasən, 20 noyabr tarixində Ağdam rayonu Azərbaycana qaytarılıb.
Burda şahid oluruq ki, ermənilər Ağdamı da digər rayonlarımız kimi dağıdıb, viran qoyub. Şəhərin mərkəzinə doğru istiqamət edirik. “Ruhlar şəhəri”nə irəlilədikcə gördüklərim adamı vahiməyə salır, burada daş üstündə daş qalmayıb.
Ağdam şəhərinin mərkəzi hissəsində yerləşən Ağdam “Cümə” məscidi, Ağdam Dövlət Dram Teatrı, Ağdam çay evi, inzibati binalar, yaşayış binaları və digər evlər dağıdılıb.
1868-ci ildə tikilmiş Ağdam “Cümə” məscidində ermənilər heyvanlar, xüsusən də donuzlar saxlayıblar. Hər bir müsəlman üçün müqəddəs olan məbəd dağıdılıb. Əsas diqqətimi məscidin yanındakı meyit yuyulan yer çəkir. Ağdamın işğalına qədər rayonda vəfat edən, müharibə zamanı şəhid olan, hətta Xocalı soyqırımı zamanı qətlə yetirilən dinc sakinlərin meyitləri yuyulub. İndi isə meyit yuyulan yerin ərazisində yalnız dağıdılmış daşlar qalıb.
Şəhərin digər tərəfinə istiqamət edirik. Yol kənarında qarşımıza Ağdam şəhər qəbiristanlığı çıxır. Azğınlaşmış düşmən buranı da dağıdıb. Məzarlıqda bir dənə də olsun başdaşı yerində qalmayıb. Hətta ermənilər dağıtdıqları qəbiristanlığı əkin sahəsinə çevirməkdən də çəkinməyiblər. Buranın son illər əkin üçün istifadə edildiyini görməmək mümkün deyil. Məzarlığın ərazisi dağıdıldıqdan sonra əkilib, yer şumlanıb, toxum səpilib...
Biz isə məzarlığa girə bilmirik. Ərazilər çox təhlükəli olduğu üçün dağıdılmış qəbiristanlığı kənardan izləyirik. Yenə də dönə-dönə tapşırılır ki, ətraf düşmənin “sürprizlər”i ilə dolu ola bilər.
Düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş belə məzarlara təkcə Ağdamda deyil, işğaldan azad olunmuş digər torpaqlarımızda da rast gəlmək mümkündür. Çünki ermənilər işğal etdiyi ərazilərimizdə ilk olaraq, mədəniyyətimizi, tarixi abidələrimizi, məzarlığımızı dağıdıb...
Video: Mircavid Eminoğlu
Montaj: Rəvan Novruzov