Ağdam. 17 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülərə qarşı reyd keçirilib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, reyd Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Ağdam rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən təşkil olunub.
Reyd zamanı məlum olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları olmadan və avtomobillərini texniki baxışdan keçirmədən qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar.
Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər saxlanılaraq barələrində inzibati tədbirlər görülüb.
Reyd zamanı Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə məxsus və kollecin tələbələrini daşıyan mikroavtobusun sürücüsü də qanunsuz fəaliyyət göstərdiyinə görə saxlanılıb və cərimə olunub.
Ümumilikdə, reyd zamanı 50-yə yaxın sürücü barəsində protokol tərtib edilib.