Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının 10-cu ildönümüdür.
"Report"un əməkdaşları hadisənin baş verdiyi ADNA-nın ikinci korpusunda olub, terror zamanı güllə yarası almış Zemfira Hüseynli və şahid Qasım Məmmədovla söhbətləşib.
Z.Hüseynli deyib ki, hadisə zamanı ondan bir qədər uzaqda dayanmış terrorçunu tələbə sanıb: "Bir nəfər dayanmışdı, elə bildim tələbədir, kömək etməyə gəlib. Yaxınlaşdı, mənə çatanda tapançanı qaldıraraq atəş açmağa başladı, mən yıxıldım. Güllə qulağımın arxasından girib sifətimdən çıxdı".
Videomaterialı təqdim edirik.
Qeyd edək ki, kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.
Video: Rəşad Tuncay