ABŞ-ın Nyu-York şəhərində yerləşən “Trump Tower” binasının qarşısındakı küçənin adı dəyişdirilərək “Black Lives Matter” (“Afroamerikalıların həyatı önəmlidir”) adlandırılıb.
“Report”un xüsusi müxbiri xəbər verir ki, adı dəyişdirilən küçə Prezident Donald Trampa məxsus binanın qarşısındakı “5-ci prospekt” olub.
Şəhərin mərkəzi əyalətlərindən olan Manhettandakı 56 və 57-ci küçələrin kəsişməsində yerləşən “5-ci prospekt” Trampın qərargahı olaraq da adlandırılır. Küçənin adının dəyişdirilməsi Nyu-York Bələdiyyə Başçısı Bill de Blasionun qərarı ilə baş tutub.
İri sarı hərflərlə rənglənən küçənin boyanmasında bələdiyyə başçısı özü də iştirak edib. O, prezident Trampın twitter sosial şəbəkəsindən yaydığı “Beşinci prospektin lüksünü aşağılayacaqlar” sözlərinə cavab olaraq “5-ci prospekti quran afroamerikalılardır. Biz onları bu yazı ilə şərəfləndiririk. Afroamerikalılar olmadan Amerika olmaz”- deyə qarşılıq verib. Blasio prezidentin açıqlamasını “irqçiliyin düsturu” adlandırıb.
Ərazini boyamaq üçün könüllülər, eyni zamanda yaxınlıqdakı tikinti şirkətlərində işləyən fəhlələr də iştirak edib. Küçəyə axın edən ziyarətçilər “Tramp Tower”in qarşısında çəkdirdikləri şəkilləri “Black Lives Matter” həştəqi ilə sosial mediada paylaşıblar. Yerli televiziya kanalları gün ərzində küçənin rənglənməsini canlı olaraq yayımlayıb.
Məlumat üçün bildirək ki, Nyu-York Bələdiyyə başçısının qərarı ilə şəhərdə daha üç küçənin adı dəyişdiriləcək və ümumilikdə Nyu-Yorkda beş küçənin adı “Black Lives Matter” olacaq.
Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb. Bütün bunlara baxmayaraq, ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilib. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə olunub. Nümayişçilərin tələbi ilə ABŞ-ın 20-dən çox şəhər və əyalətində mərkəzi küçələrinin adları dəyişdirilmiş və “Afroamerikalıların həyatı önəmlidir” (“Black Lives Matter") adı verilmişdi.
Müəllif: Vüsalə Abbasova