Yuxarı
    Bağlamaq

    ABŞ-da Donald Tramp əleyhinə kütləvi etirazlar davam edir

    Floridada ABŞ-ın yeni seçilmiş prezidentinə etiraz əlaməti olaraq dinc aksiya keçirilib

    Tampa. Florida. 14 noyabr. REPORT.AZ/ Florida ştatının ən böyük şəhəri Tampanın mərkəzində Donald Trampın ABŞ prezidenti seçilməsi ilə əlaqədar kütləvi etiraz aksiyası keçirilib.

    "Report"un ABŞ-a ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bazar günü axşam saatlarında yüzlərlə adam Tampa sahilində yerləşən mərkəzi parkların birinə toplaşıb.

    İnsanlar özləri ilə plakatlar gətiriblər. Onlar "Trampa nifrət edirik", "Biz Klinton tərəfdarıyıq", "Tramp bizim prezidentimiz deyil" tipli şüarlar səsləndirib.

    Şəhər sakinlərinin gətirdikləri plakatlarda "İrqçiliyə və seksizmə yox", "Ədalətsizlik şəraitində neytral qaldınsa, deməli, zalımın tərəfini tutdun", "Bu işi emiqrantlar görür" və s. kimi şüarlar görmək olardı.

    Bəzi sakinlər hətta evdə hazırlaya bilmədiyi plakatı elə parkda hazırlayıb. Etiraz aksiyası dinc xarakter daşıyıb. Polis kənardan ictimai asayişin qorunmasına nəzarət edib.

    Ardından etirazçılar şəhərin mərkəzi küçələrinə doğru yürüş ediblər.

    Xatırladaq ki, ABŞ-da keçirilmiş prezident seçkilərində Florida ştatının seçicilərinin əksəriyyəti D.Trampa səs verib.

    Onu da bildirək ki, ABŞ-da D.Trampa qarşı kütləvi nümayişlər artıq beş gündür davam edir. Bu gün etirazlar, həmçinin Nyu-York, Los-Anceles, Çikaqo və Portlenddə keçirilib.

    KİV-in məlumatına görə, bəzi şəhərlərdə etirazçılar saxlanılıb. Məsələn, Portlenddəki aksiya zamanı 71 nəfərin saxlanılması barədə məlumat verilib.

    Bundan əlavə, bəzi yerlərdə polis etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qaz və səs bombasından istifadə etmək məcburiyyətində qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi