2018-ci ilin İslam turizm paytaxtı Təbrizdən - REPORTAJ

2018-ci ilin İslam turizm paytaxtı Təbrizdən - REPORTAJ Buranın üstüörtülü geniş və böyük bazarı dünyada çox məşhurdur
Multimedia
5 Sentyabr , 2017 16:58
2018-ci ilin İslam turizm paytaxtı Təbrizdən - REPORTAJ
Report.az

Təbriz-Bakı. 5 sentyabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. “Report” xəbər verir ki, bununla bağlı Təbriz şəhər bələdiyyəsinin dəvəti ilə azərbaycanlı media nümayəndələrinin bu şəhərə səfəri təşkil olunub.

Şərqlə qərbi birləşdirən şəhər

Təbriz İranın 7 böyük tarixi, mədəni və sənət şəhərlərindən biri olmaqla yanaşı, Şərqi Azərbaycan vilayətinin mərkəzidir. Bu səbəbdən Təbriz Tehrandan sonra İranın ən modern şəhəri kimi tanınır. Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal (Aynalı) və yaxud Surxab yüksəkliyinin cənubunda yerləşir. Ərazisi dəniz səviyyəsindən 1350-1500 metrə qədər yüksəklikdədir. Təxminən 2 milyondan çox əhalisi olan şəhər tarixi İpək Yolu üstündə yerləşdiyindən, Şərqlə Qərbi bir-birinə birləşdirir. Buranın üstüörtülü geniş və böyük bazarı dünyada çox məşhurdur.

Təbriz Bələdiyyəsinin binası

Azərbaycanlı jurnalistlərin ilk baş çəkdiyi Təbriz şəhər bələdiyyəsinin binası oldu. Bu bina 2008-ci ildə (hicri-şəmsi 1386-cı il) İranın ilk şəhər bələdiyyə cəmiyyətinin Təbrizdə yaradılmasının 100 illiyi münasibətilə ölkənin ilk Bələdiyyə Muzeyi elan olundu. Hazırda Təbriz bələdiyyəsinin bəzi rəsmi diplomatik görüşləri də bu binada təşkil olunur.

Təbriz Bələdiyyə Muzeyinin zirzəmisində 800 kvadratmetrlik sahə İran bələdiyyələrinin tarixini əks etdirən yeganə bələdiyyə sərgisi olaraq istifadəyə verilib və Çindən sonra dünya üzrə ikinci bələdiyyə muzeyidir. Muzeydə müxtəlif zallar mövcuddur. Bunlardan qədim fotoaparatlar, müqəddəs müdafiə, çap və nəşriyyat, xalça, müasir sənətlər, xəttatlıq, hikmət və bir neçə başqa zalları misal göstərmək olar.

Əgər qədim Təbriz xalçası axtarırsınızsa, mütləq bu muzeyin xalça zalına baş çəkin. Çünki Təbriz orta əsrlərdən günümüzə qədər xalçaçılıq mərkəzi kimi böyük şöhrət qazanıb. Xalçaçılıqda Təbriz məktəbi məşhurdur.

Bələdiyyə binasında sərgilənən müxtəlif növlü nəfis xalçalara rast gəlmək olar. Zaldakı 12 ədəd xalça binanın inşa edildiyi vaxtdan 1941-ci ilədək (hicri-şəmsi 1320-ci ilədək) Ərfəül-Mülk Cəlilinin əmri ilə toxunan xalçalardır. Buradakı eksponatlar Təbriz bələdiyyəsinin mülkiyyəti hesab olunur. 

Bir ailənin tamamlanmış təcəssümü olan xalçalar

“Bunlar kompleksdir – bir-birindən ayrılsa, mənasını itirər. Yəni bunlar bir ailənin tamamlanmış təcəssümüdür”- deyən muzeyin bələdçisi bildirir ki, buradakı doqquz xalçadan ən irisi – 112 kvadratmetr olan ana mərkəzdə, hər biri 32 kvadratmetr olan altı qız - üçü sağda, üçü solda, ailənin tək oğlan övladı isə 35 kvadratmetrlik xalçanın timsalında ayaq tərəfdə sərgilənir.

Mətbuat nümayəndələri səfər çərçivəsində həm də yerli şairlərlə görüşüb. Hər zaman Azərbaycandan gələn heyətlərlə görüşdüklərini və bundan çox fərəhləndiklərini bildirən şairlər Azərbaycan və Qarabağ haqqında gözəl şeirlər söyləyiblər.

Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) baş verən zəlzələlər nəticəsində dağıntılara məruz qalıb. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv etsə də, bir sıra önəmli abidələr - Ərk qalası və Göy məscid tarixiliyini və gözəlliyini qoruyub saxlaya bilib. Şəhərdə səkkizdən çox böyük muzey var.

Məhəmmədhüseyn Şəhriyarın ev muzeyi

Jurnalistlər səfər zamanı böyük Azərbaycan şairi, şeirlərini türk (Azərbaycan dili) və fars dillərində yazan Seyid Məhəmmədhüseyn Behcət Təbrizinin (Məhəmmədhüseyn Şəhriyar) ev muzeyinə baş çəkiblər. Ev muzeyində onun kitabları, əşyaları, eləcə də geyimləri qorunur.

Gəzilən məkanlar sırasında Təbrizin Cümə məscidi, Heydərzadə evi (turizm üçün məlumat mərkəzi), Qacar muzeyi, Səttarxan muzeyi, Sənətkarlar evi, Azərbaycan muzeyi və "Məqbərətul Şuara"da ("Şairlər məqbərəsi") olub.

"Məqbərətul Şuara"da Məhəmmədhüseyn Şəhriyarın məzarı yerləşir. Muzeydən bildirilib ki, burada Şəhriyara qədər 412 şairin məzarı olub. Lakin baş verən zəlzələlər nəticəsində məzarların hamısı itib. Şəhriyardan sonra isə 12 şairin məzarı hazırda buradadır.

Təbrizin mənzərəsini ayaqlar altına sərən Eynalı dağı

Təbrizin gəzməli yerlərdindən biri də Eynalı dağıdır. Təbriz şəhəri bu dağın ətəyində yerləşir. Dağın başından bütün şəhər insanın ayağı altında əsrarəngiz mənzərə ilə görünür. Bu dağda, deyilənlərə görə, Həzrət Əlinin övladlarından olan Ovn ibn Əli dəfn olunub. Təbrizlilər həftənin cümə günləri buranı ziyarət edirlər. Dağa hətta kanat da işləyir.

Daha bir gözəl mənzərəyə sahib El gölü və ya Şah gölüdür. Bu milli parkın tarixi İranda Qacar dövründən başlayır. Parkın nə zaman qurulduğu bilinmir. Ancaq ilk olaraq əkinçilik üçün istifadə olunan su qaynağı olub. Park Qacar Türk Xanədanlığı dövründə bir yay sarayı olaraq istifadə edilib. İçində 12 metr dərinliyində bir su hovuzu və bir saray var. Bura Pəhləvilərin hakimiyyəti dövründə yenidən qurulub. Parkın adı 1979-cu ildə İran İslam İnqilabından sonra El gölü olaraq dəyişdirilib və rəsmi sənədlərdə bu şəkildə qeyd olunsa da, xalq arasında hələ də Şah gölü adlanır.

Təbriz təamlarına gəlincə, düyü burada əsas yemək hesab olunur. Piti də Təbrizin milli mətbəx nümunələrindən biridir. Lülə kabab, Təbriz küftəsi, xami supu, talibi içkisi və kurabiyə ən çox sifariş olunan yeməklər sırasındadır.

O taydakı həmvətənlərimiz də qonaqpərvərlikləri ilə bizlərdən heç də geri qalmırlar. Gözəl təamlarla dolu süfrələri, bizlərə olan münasibətləri, verilən hədiyyələr bunu bir daha təsdiqləyir.  

Son xəbərlər

Orphus sistemi