Bakı. 16 mart. REPORT.AZ/ “Xaricdən müxtəlif kəşfiyyat mərkəzləri tərəfindən himayə olunan və yönləndirilən şəxslər təkcə Azərbaycan dövlətinə qarşı deyil, ölkənin hər bir insanına qarşı çıxmış olurlar”.
"Report”un xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatı müzakirəsi zamanı deputat Zahid Oruc deyib.
O qeyd edib ki, dövlətin müqəddəsliyinə xələl gətirmək olmaz.
Deputat bilidirib ki, xaricdə olan bəzi şəxslər Azərbaycanın ümumi ictimai-siyasi məkanını təhqir notlarına bürüyürlər: “Təhqiri siyasi həyatın elementinə çevirirlər. Bu baxımdan, Azərbaycanın hər bir insanından, xüsusi ilə də mühüm ictimai missiya daşıyan insanlardan bu məsələyə reaksiya vermələrini istəyirəm. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Ən müxtəlif dövrlərdə bunun şahidi olmuşuq. Bəli, din dövlətdən ayrıdır, amma hər zaman düşünürük ki, dövlət dinsiz, din də dövlətsiz ola bilməz. Ona görə də şeyx başda olmaqla, inanc sahiblərimizi aparılan bu kampaniyaya reaksiya verməyə çağırıram. Mədəniyyət və incəsənət xadimlərini kampaniyaya reaksiyaya verməlidirlər. Bunların hər biri sizə qarşıdır. Buna müşahidəçi olmaq olmaz. Bu məsələ hər birimizdən vətəndaş mövqeyi tələb edir”.