Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Təhsil haqqında” qanununa dəyişiklik edilir.
“Report” xəbər verir ki, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ilə bağlıdır.
Dəyişiklik layihəsinə əsasən, qanunun 44-cü (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ) maddəsinə yeni 44.1-1. bəndi əlavə olunur.
Həmin bəndə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.
Qanuna edilən dəyişiklik Prezidentin "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında" 2017-ci il 6 dekabr və "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında" 2018-ci il 10 yanvar tarixli sərəncamlarının icrası məqsədilə təklif olunur.