Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin iştirakı ilə B2G forum çərçivəsində sahibkarlarla onlayn görüş keçirilib.
“Report”xəbər verir ki, iki saat yarım davam edən onlayn görüşdə sahibkarların koronavirus pandemiyası dövründə qarşılaşdıqları məsələlər müzakirə olunub və təklifləri dinlənilib.
Virtual müzakirələr zamanı T.Mirkişili biznes fəaliyyətinin optimallaşması istiqamətində qəbul olunan və müzakirə edilən qanun layihələrindən danışıb, həmçinin sahibkarların təkliflərini dinləyib.
Komitə sədri deyib ki, sahibkarlarla onlayn görüş çox faydalı olub:
“Sahibkarlığın qanun çərçivəsində inkişafı, sahibkarların daha çox investisiya qoyması və yeni iş yerləri açması üçün qanunvericiliyin təkmilləşdirilməsi və dövlət başçısının islahat xətti ilə uzlaşdırılması üçün bütün imkanlardan istifadə ediləcək. Təşkilatçılara və təşəbbüs göstərən sahibkarlara təşəkkür edirəm”.