Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 10-da İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində ölkənin Federal Assambleyasının Kantonlar Şurasının sədri Tomas Hefti ilə görüşüb.
"Report" xəbər verir ki, Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Tomas Hefti Sahibə Qafarovanın parlamentin spikeri kimi bu ölkəyə ilk səfərinin ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərin genişləndirilməsinə töhfə verəcəyini bildirib. O, parlamentlərin əməkdaşlığının dövlətlər arasında münasibətlərin inkişafında özünəməxsus rolunu qeyd edərək, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Xüsusilə, iqtisadi sahədə əlaqlərin daha da zənginləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirib. O, dost və tərəfdaş ölkələr olan Azərbaycan və İsveçrə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.
Azərbaycan və İsveçrənin qanunverici orqanları arasında əlaqələrdən danışan spiker parlamentlərimiz arasında mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirib. O deyib ki, müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi qanunverici orqanlar arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir. Parlament komitələrinin qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, komitələrin əməkdaşlığı münasibətlərin daha da dərinləşməsi üçün yeni imkanlar yarada bilər.
Görüşdə spiker Sahibə Qafarova Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyulması, işğal dövründə Ermənistanın binaları, infrastrukturu, o cümlədən mədəni və dini abidələrimizi tamamilə məhv etməsi, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq və bərpa işləri barədə məlumat verib. O, qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə səylər davam etdirilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüşdə müəyyən razılaşmalar əldə olunub və Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul edir. Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir və ümid edirik ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.