Türk dövlətləri arasında təhlükəsizlik sahəsində parlamentlərarası əlaqələrin rolu önəmlidir.
"Report" xəbər verir ki, bunu Qırğızıstan Joqorku Keneşinin (parlament) Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Süleymanov Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.
Onun sözlərinə görə, türk dövlətləri təkcə mədəniyyət və dil baxımından deyil, təhlükəsizlik və sülh üçün də birliyə çalışır:
"Bu ölkələr arasındakı təhlükəsizlik istiqamətində fəaliyyətə, bu sahədə əməkdaşlıq üçün aparılan dialoqlara gənclərin qoşulması vacibdir. Bu gün parlament diplomatiyası türk dövlətləri arasında əməkdaşlığı gücləndirmək üçün real vasitədir. Ona görə də təhlükəsizlik sahəsində parlamentlərarası əlaqələrin rolu çox önəmlidir. Məsələn, Qırğızıstan 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün müraciət edib və bu istiqamətdə işlər görür".