Bakı.1 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə görə vəzifəli şəxslərin cəzalanmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, həmin şəxslərin cəzalanması ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Belə ki, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Bundan başqa, provayderlər tərəfindən uçota durma qaydalarının polzulmasına görə də cəza tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinə yeni- 370-1-ci (İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının polzulması) maddəsi əlavə edilir.
Maddəyə əsasən, xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmamasına, uçota alınma üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində uçota alınmaq üçün yenidən müraciət edilməməsinə, uçot məlumatlarında dəyişiklik baş verdiyi gündən 10 gün müddətində həmin dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə olunacaqlar.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.