Oqtay Əsədov İtaliya Senatının sədri ilə görüşüb

Oqtay Əsədov İtaliya Senatının sədri ilə görüşüb Bakı. 18 oktyabr. REPORT.AZ/ Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Senatının sədri Maria Elizabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclis
18 Oktyabr , 2018 16:21
Oqtay Əsədov İtaliya Senatının sədri ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Senatının sədri Maria Elizabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, spiker nümayəndə heyəti üzvlərini salamlayaraq İtaliya Senatı sədrinin ölkəmizə ilk səfərinin əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Söhbətdə bildirilib ki, İtaliya ölkəmizin Avropada və dünyada mühüm tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliya ilə sıx dostluq telləri qurulmuşdur. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı imkanlar yaradıb.

Azərbaycanın Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən ay İtaliyaya səfəri zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı İtaliya Senatındakı konfransda iştirakı və səfər çərçivəsində keçirilən tədbirlər iki ölkənin bir-birinə verdiyi qarşılıqlı dəyərin bariz nümunəsidir.

Bu günədəkiki ölkə  arasında 44 sənəd imzalanıb. Biz 2014-cü il iyulun 14-də İtaliya Senatında “Strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin qəbul edilməsinə böyük əhəmiyyət veririk. Heç də təsadüfi deyil ki, İtaliya Avropada həm də ölkəmizin ən mühüm ticarət tərəfdaşıdır. Təkcə cari ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7 milyard ABŞ dolları həcmində olub. Biz bu göstəricini gələcəkdə daha da yüksəltmək niyyətindəyik. Qarşılıqlı biznes forumlarının mütəmadi keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti bu fikri söyləməyə əsas verir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə 50 İtaliya şirkəti fəaliyyət göstərir.

Söhbətdə Sədr qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Azərbaycanda təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatı var. Bu, 100 il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir. Gələcəkdə TANAP və TAP boru kəmərləri Azərbaycanın təbii qazını Avropa bazarına çıxaracaq. Ölkəmiz Qərblə münasibətlərdə etibarlı tərəfdaş olduğunu təcrübədə dəfələrlə nümayiş etdirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi iri transmilli layihələr bunun əyani sübutudur.

Parlamentin Sədri mədəni əlaqələrimizin də uğurla inkişaf etdiyini dilə gətirib. O vurğulayıb ki, Heydər Əliyev Fondu iki ölkə arasında siyasi və mədəni əlaqələrin möhkəmlənməsində mühüm işlər görməkdədir. Fondun bu ölkədə həyata keçirdiyi layihələr humanitar sahədə əməkdaşlığımıza xüsusi töhfələr verir.

Sədr qanunverici orqanlar arasında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayaraq hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, deputatlarımız nüfuzlu beynəlxalq təşkilatlarda sıx təmasda olur, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar.

Oqtay Əsədov İtaliya Senatının 2010-cu ildə qəbul etdiyi “Cənubi Qafqazda vəziyyətlə bağlı” qətnaməni çox mühüm sənəd kimi dəyərləndirib. Qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verilməsinin əhəmiyyətini vurğulayıb.

İtaliya Respublikası Senatının sədri xanım Maria Elizabetta Alberti Kasellati ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, parlamentlər səviyyəsində əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin vacibliyinə toxunaraq, hər iki ölkə deputatlarının mütəmadi görüşlərinin əhəmiyyətli olduğunu deyib.

Qonaq Azərbaycanın Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə İtaliyada Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərdən söz açıb. O dövrdə müsəlman Şərqində ilk parlamentli respublika qurmağa nail olan Azərbaycanda qadınlara seçki hüququnun verilməsini mühüm nailiyyət kimi dəyərləndirib.

Avropa İttifaqının üzvü kimi İtaliyanın Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edərək bildirib ki, onun ölkəsi Azərbaycanla təkcə neft-qaz sahəsində deyil, kənd təsərrüfatı, elm, təhsil, mədəni sahələrdə də əlaqələri dərinləşdirmək niyyətindədir.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, iqtisadi, humanitar sahələrdə münasibətlərin daha da dərinləşməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin Birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Dilarə Cəbrayılova, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliyanın ölkəmizdəki səfiri Audusto Massari və digər rəsmi şəxslər iştirak edibər. 

Son xəbərlər

Orphus sistemi