Bakı. 31 oktyabr. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O qeyd edib ki, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir.
Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.