Son beş ildə Azərbaycanda 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi artıb.
“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 054 nəfərdir: “Son 5 ildə aparılan təhlillərə əsasən, 0-13 yaşlı uşaqların ümumi xəstələnmə göstəriləri azalsa da, tənəffüs və həzm sistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, göz xəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarına rastgəlmə tezliyi artıb. Həmçinin 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi də son 5 ildə artıb”.
Nazir müavinin sözlərinə görə, 14-17 yaş daha sağlam dövr hesab edilsə də, son zamanlar mütəxəssislər yeniyetməlik dövrünün gələcəkdə gənclərin sağlamlığı üçün son dərəcədə vacib olduğunu bildiriblər: “Ona görə də bu dövrdə sağlamlıq məsələsinə xüsusi diqqət edilməsini tövsiyə edirlər. Məhz bu yaşda insanın sonrakı həyatında sağlamlığına təsir göstərəcək bir çox xroniki xəstəlik və pis vərdişlər yaranır. 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə göstəriciləri Abşeron-Xızı və Bakıda qeyd olunur”.