“Təəssüf ki, bu gün bəzi televiziya kanallarında nümayiş olunan veriliş və ya seriallarda qanunvericiliyin tələblərinə zidd olaraq açıq şəkildə tütün məmulatlarının istifadəsi təbliğ edilir”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Mədəniyyət komitəsinin aprelin 14-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, televiziya məkanında tütündən istifadə birbaşa qadağandır: “Ancaq bu gün nə baş verir?! Qanunun tələbləri yerinə yetirilmir, tütün məmulatlarından istifadə açıq şəkildə təbliğ edilir. Məsələn, bu yaxınlarda ən çox müzakirə mövzusu olan “Əqrəb mövsümü” serialında tütündən istifadə prosesi özünün kuliminasiya nöqtəsinə çatmışdı. Xəbərdaredici hissə əvvəldə qeyd olunsa da, dərhal yaddan çıxır”.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, televiziya məkanında tütün məmulatlarının təbliği sövq etmə xarakteri daşıyırsa, bu, artıq ciddi məsələdir və qarşısının alınması üçün müvafiq addımlar atılmalıdır.