Bakı. 26 oktyabr. REPORT.AZ/ “Azərbaycan Milli Məclisi qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində addımlar atır. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qanunlara dəyişiklik edib. Ölkəmizdə dövlət büdcəsinin sosialyönümlü olması bu məqsədlərə çatmağa şərait yaradır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu" barədə interaktiv müzakirədə deyib.
O qeyd edib ki, hər il büdcədən əhalinin həssas qruplarının hüquqlarının qorunması ilə bağlı maliyyənin ayrılmasına xüsusi diqqət yetirilir.
B.Muradova deyib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün addımları atır: “Uğurlu nailiyyət əldə etmək üçün vətəndaş cəmiyyəti və dövlət birgə çalışmalıdır. Ölkədə bütün dövlət qurumlarında İctimai Şuralar fəaliyyət göstərir. Azərbaycan müharibə vəziyyətindədir, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyəti digər ölkələrdə olan qaçqınlardan üstün şəraitə malikdir”.