Milli Məclis gələn ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib - YENİLƏNİB

Milli Məclis gələn ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib - YENİLƏNİB Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Milli Məclis
17 Noyabr , 2022 16:55
Milli Məclis gələn ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Report"un xəbərinə görə, layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat məbləğində nəzərdə tutulub.

Növbəti ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəricilərində, o cümlədən 2023-cü il üzrə baza ssenaridə ümumi ÜDM-in 2,7 faizlik, qeyri-neft sektoru üzrə 4,5 faizlik real artımı, orta illik inflyasiyanın 6,9 faiz, xam neftin 1 barrelinin orta illik ixrac qiymətinin 50 ABŞ dolları olması proqnozlaşdırılır.

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Gələn ilin büdcə xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək ki, bu cari illə müqayisədə 496 milyon manat və yaxud 6,6 faiz çoxdur.

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2023-cü ilin Dövlət Büdcəsində 5 milyard 993 milyon vəsait nəzərdə tutulub. Bu da 2020-ci illə müqayisədə 606 milyon manat və yaxud 11,3 faiz çoxdur. Növbəti ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri üçün 2 milyard 743 milyon manat və yaxud 2022-ci ilə nisbətən 261 milyon manat (10,5 faiz) çox vəsaitin ayrılması nəzərdə tutulub.

Sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur.

Gələn ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub.

2023-cü ildə səhiyyə xərcləri üçün cari illə müqayisədə 198 milyon manat və yaxud 11,6 faiz çox vəsait ayrılacaq. Bununla da səhiyyə xərclərimiz 1 milyard 906 milyon manat təşkil edəcək. Növbəti ildə mədəniyyət və incəsənət xərcləri üçün 227 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilə nisbətən 7 milyon manat və yaxud 3,2 faiz çoxdur.

Növbəti ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32,0 faiz çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

11:00

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, toplantıda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdiriləcək.

Büdcə zərfinə "2023-cü ilin dövlət büdcəsi haqqında”, " 2023-cü il üçün yaşayış minimumu haqqında”, "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

İclasda hökumət üzvləri də iştirak edirlər.

Qeyd edək ki, Milli Məclisin noyabrın 16, 17 və 18-də keçiriləcək plenar iclaslarının gündəliyinə ümumilikdə 19 məsələ daxil edilib. Ötən gün toplantının gündəliyinə daxil edilən Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul edilib. Digər 18 məsələnin müzakirəsi isə davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi