Milli Məclisdə əkin sahələrinin yandırılmasının qadağan edilməsinin səbəbi açıqlanıb
- 31 may, 2018
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə əkin sahələrinin yandırılmasını qadağan edən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas bunun anlaşılmaz olduğunu bildirib.
“Report”un məlumatına görə, o deyib ki, torpağı yandıranda orada olan cücülər, ziyanvericilər məhv olur.
"Yanan hissə gübrəyə çevrilir. Bunun ziyanının nə olduğunu anlamıram. Aydınlıq gətirilsin ki, bu qadağa niyə tətbiq edilir?”, - deputat qeyd edib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, mütəxəssislər torpağın yandırılmasının əleyhinədir: “Torpağın üz qatının yandırılması olduqca ziyanlıdır. Samanın torpaqla qarışdığı zaman verdiyi mineral effekt yanan zaman olmur. Dəyişikliyin izahı budur... Ziyanvericilərlə bağlı məsələyə gəldikdə isə o elə bir şeydir ki, yandırmaqla düzələn deyil, qaçıb gedirlər. Həmin ziyanvericilərlə mübarizənin ayrıca üsulları var”.