Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məsələ müzakirə edilib.
“Report” xəbər verir ki, müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
*** 11:15
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.
“Report” xəbər verir ki, iclasda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məsələ müzakirə edilir.
Məruzəni Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.
Vilayət Zahirov qeyd edib ki, 2019-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsinə və araşdırılmasına maneçilik törətdiyinə görə bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib: “Həmin protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 protokola isə baxılmaqdadır”.
O həmçinin qeyd edib ki, 2019-cu ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 min 304 müraciət daxil olub: “Həmin müraciətlərin 2 min 980-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb, 152-si aidiyyəti üzrə göndərilib, 172 müraciətə isə baxılmaqdadır. Onlardan 140-ı təmin və ya qismən təmin edilib. İnzibati nəzarət icraatı qaydasında aparılan 24 inzibati araşdımada cinayət əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 17-si üzrə cinayət işi başlanılıb, 1 material üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqdadır”.