“Ötən il 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışı elan olunmuş 35 təqsirləndirilən şəxsdən 54,3 faizi və ya 19-u tutulub”.
“Report” xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.
Onun sözlərinə görə, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 27 təqsirləndirilən şəxs ( 5 kişi, 22 qadın) cinayət məsuliyyətinə cəlb edilib. Əvvəlki illərdə cinayət təqibi tamamlanmış şəxslər də nəzərə alınmaqla 42 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşı, 2-si əcnəbi olub ( Tacikistan və Özbəkistan vətəndaşları). Onlardan 54-ü istismar məqsədilə Türkiyə, 16-sı Qətər, 8-i İran, 5-i Rusiyaya aparılıb. 5-i Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Azərbaycanda istismara məruz qalıb. Zərərçəkənlərdən 78-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilib. 14 nəfər işlə təmin edilib, 45-i peşə kursuna göndərilib. 58 nəfər ailələrinə geri qaytarılıb.