Azərbaycan Milli Məclisinin Sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin "Report"a müsahibəsi
- Azərbaycan Prezidenti İlham Əliyev ötən gün ictimaiyyət qarşısında bir çox məqamlarla yanaşı, iyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribatla bağlı beynəlxalq reaksiyalara, eyni zamanda bəzi beynəlxalq təşkilatların və dövlətlərin mövqeyinə də toxundu. Bunun səbəblərini necə şərh edərdiniz?
- Bildiyiniz kimi, riyakar siyasət üzərində idarə edilən Ermənistanın törətdiyi bu hərbi təxribat ilk deyil və atəşkəs dövründə bu, dəfələrlə baş verib. Hər dəfə də Azərbaycan dövlətinin ildən-ilə güclənən ordusu və hərbi potensialı qarşısında aciz duruma düşən Ermənistan rəhbərliyi verdiyi itkilərdən sonra utanmadan dərhal dünyadakı havadarlarına üz tutur, hay-həşir salır. Faktiki olaraq 30 ildən çoxdur Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır, tarixi və mədəni abidələr təcavüz altındadır, hər dəfə də erməni silahlılarının hərbi təxribatları ilə üz-üzəyik. Xatırladım ki, BMT Təhlüksizlik Şurası 4 qətnamə üzrə, Avropa Şurası və digər beynəlxalq təşkilatlar rəsmi sənədləri üzrə bu işğala dərhal son qoymağa çağırıblar. Amma bu sənədlər illərdir Ermənistan tərəfindən heçə sayılır. Hər dəfə qəfil təxribatlara əl atıb, aciz qalandan sonra da xarici havadarlarına üz tuturlar. Ötən gün cənab Prezident İlham Əliyev də açıq söylədi. Kişisən, təkbətək açıq döyüşə gəl, amma təkbətək gəl. Görək sonu necə olacaq…
Yeri gəlmişkən, biz bu məqamda üzdə beynəlxalq normalardan dəm vursalar da, riyakar mövqe tutan ölkələr və bəzi xarici təşkilatların addımları ilə rastlaşırıq. Çox təəssüf ki, onlar bəzən bu təxribatlara ya susur, ya da əl altdan havadarlıq edirlər. Buna baxmayaraq, məsələn, son Tovuz rayonu təxribatı ilə bağlı anında qardaş Türkiyənin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan, ölkənin xarici işlər və müdafi nazirləri, deputatları Azərbaycana, yəni ədalətə dəstək nümayiş etdirdilər. Ardınca Pakistan, Ukrayna və bir sıra ölkələrdən bu dəstəyi gördük. Amma, yenə deyirəm, təəssüf ki, bəzi ölkələr və təşkilatlar faktiki olaraq beynəlxalq sənədlərin, beynəlxalq hüququn normalarına edilən bu təcavüzə susdular. Bunun bir adı var: riyakarlıq. Bir acı məqamı da qeyd etmək lazımdır ki, bu fakt göstərdi ki, xaricdəki bəzi içimizdən olan radikal qruplar elə bu təşkilatlar vasitəsi ilə erməni ilə əlbirdirlər. Onlar müxaliflik adı altında ya bilərəkdən, ya bilməyərəkdən erməni bayrağına xidmət edirlər. Növbəti dəfə biz onların riyakarlığı ilə üzləşdik. Bu, xəyanətin növbəti ifşasıdır.
- Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istədi..Hətta erməni diasporu da dünyanı bu mənada aldatmağa cəhd etdi...
- Dediyim kimi, Ermənistan rəhbərliyinin ana xətti riyakarlıqdır. Təxribat törədir, hücum edir, nəticədə aciz duruma düşüb digər ölkələri də öz əməlinə şərik etmək istəyir? Belə idarəetmə olar? Yeri gəlmişkən, biz Tovuz hadisələri ilə bağlı ölkə rəhbərliyinə qarşı Ermənistanı bürüyən sərt etiraz aksiyalarının da şahidiyik. Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi aşkar şəkildə sosial şəbəkə hesabında ermənilərə Azərbaycan qarşısında aciz qaldıqlarını bəyan etdi. Sonradan elə riyakar rəhbərliyin təzyiqi ilə yazdığı postu sildi. Amma Azərbaycanda xalq birmənalı olaraq küçələrə çıxıb Ali Baş Komandanı, Prezidentini və ordusunu tam dəstəklədi. Qısa desək, budur fərq. O ki qaldı Ermənistanın konkret olaraq KTMT-yə müraciətinə, burada da riyakarlıq Paşinyanı fiaskoya uğratdı. Çünki KTMT-də digər üzv ölkələr (Rusiya, Belarus, Qazaxıstan), hansı ki, onların ayrılıqda Azərbaycanla çox yüksək səviyyədə münasibətləri var, öz beynəlxalq reputasiyalarını heç vaxt Paşinyan kimi qeyri-ciddi şəxsin təxribatlarına hədər verməzdilər. Vermədilər də və erməni liderin müracəti elə kağız üzərində qaldı. Amma, təbii ki, bunu Paşinyan kimi baş nazir əvvəldən dərk edə bilməzdi. Hesab edirəm ki, bu kimi addımlar nəinki beynəlxalq ictimaiyyətdə Ermənistan hakimiyyətini gülünc və çıxılmaz duruma salır. Necə ki, yuxarda dediyim kimi, artıq Ermənistanda sərt etiraz aksiyalar baş alıb gedir. Erməni diasporunun fəaliyyəti ilə bağlı, bir yeni məqama diqqət çəkmək istərdim. Biz bu dəfə açıq şəkildə dünənə qədər Ermənstan üçün yeganə silah olan dünya erməni diasporunun məğlubiyyətini gördük. Faktiki hər kəs onların bu dəfə nəticəsiz qaldıqların gördü. Bunun üçün biz son vaxtlar dünyada yeni mexanizmlə fəallaşan Azərbaycan diasporunu təqdir etməliyik. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi son zamanlar dünyadakı diasporumuzu faktiki səfərbər halına gətirilməsinə nail olub. Dünyada azərbaycanlıların yenidən təşkilatlandıqları koordinasiya şuraları və Azərbaycan evləri Tovuz olayı ətrafında erməni diasporunu, demək olar ki, küncdə qoydular. Səfərbər olan azərbaycanlılar dərhal və anında ABŞ-da, Böyük Britaniyada, Rusiyada, Ukraynada, Almaniyada, Fransada, Belçikada, Niderlandda, Cenevrədə və sair strateji nöqtələrdə Ermənistan səfirliklərinin, beynəlxalq təşkilatların qarşısında izdihamlı və faktlarla aksiyalar, şüarlar təşkil etdilər. İlk dəfə olaraq azərbaycanlı şəhid, Milli Qəhrəman övladlarının xaricdə beynəlxaq təşkilatlar önündə birbaşa canlı bəyanatları, müraciətləri təşkil olundu. Azərbaycanlılar bu səfərbərliklə indiyə kimi olan “ermni diasporu” mifini darmadağın etdilər. Bu, növbəti mərhlədə növbəti uğurlar üçün samballı təməl olacaq. Artıq bu zərbə ilə Ermənistanda erməni diasporuna qarşı olan güvənin itməsi aralarında parçalanmaya da səbəb olub. Ümumiyyətlə, istər ölkədaxili, istərsə də dünyadakı azərbaycanlıların həmrəyliyi bu dəfə daha fərqli və daha genişmiqyaslı oldu ki, bu da erməni lobbisi, onların alətinə çevrilənlər üçün bir zərbə oldu. Onlar bu dəfə azərbaycanlıların daha fərqli həmrəyliyi ilə rastlaşdılar.
- Prezident xalqın dəstək aksiyası zamanı Milli Məclisin önündəki hadisələri 1992-ci ildə baş verənlər ilə də müqayisə etdi. Faktlar sadaladı. Siz fərqləri necə müqayisə edərdiniz?
- Bəli, oxşar mexanizm idi. Amma fərqlər, hansı ki, faktlar üzrə sadalanıb, çoxdur. 90-cı illərin əvvəlindən fərqli olaraq indi Azərbaycan boşalmış büdcəyə yox, güclü iqtisadiyyata, ayrı-ayrı dəstələrdən ibarət silahlılara yox, vahid güclü orduya, müasir və güclü hərbi arsenala və ən əsası isə başı pozuq kütlələrdən yox, Ali Baş Komandanın ətrafında sıx birləşmiş xalqdan ibarət ölkədir. Əgər bu fərqlər olmasaydı, yəqin ki, indi də 90-cı illərin əvvəlində kimi hərbi uğursuzluqlarla, rayonlarımızın itirilməsi ilə üzləşəcəydik. O vaxt ordu dövlətin nəzarətində deyildi, xalq parçalanmış kütlələrdən ibarət idi. Amma indi Azərbaycan Prezidenti ətrafında möhkəm bəndlərlə sıx birləşmiş vahid xalq var. Xalq üzərində dövlətin güclü qayğısı var. Məsələn, ötən gün Tovuz hadisəsi ilə bağlı cənab Prezidentin əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı sərəncamını götürək. Dövlətin xalqa, orduya qayğısı mexanizmi elə sistemlidir ki, bu anında işə düşür. Bax Azərbaycan iqtidarının xalqın rifahı üçün uğurlarından biri də budur. Yeri gəlmişkən, bu olaylar Prezident cənab İlham Əliyevin mütəmadi ictimaiyyət qarşısında çıxışları, ənənəvi olaraq xalqın yanında olması da bu qalibiyyətdə əsas rol oynadı. Daim humanist addımları ilə xalqın yüksək rəğbətini qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətini xatırlatmaq istərdim. Anında həmrəylik üçün edilən bu müraciət xalqın nizamını daha da gücləndirdi. Biz bunu ictimai reaksiyalarda aydın görürük.