Azərbaycanda parlament partiyalarının sayı artıb.
“Report”un xəbərinə görə, indiyədək parlamentdə 9 siyasi partiya təmsil olunurdu.
Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev “Report”a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi partiya sentyabrın 1-də dövlət qeydiyyatına alındığı üçün rəsmən parlament partiyası sayılacaq.
Bundan başqa, həmin gün (1 sentyabr 2020-ci il) ReAl Partiyası da dövlət qeydiyyatına alınıb. ReAl-ın üzvü Erkin Qədirli Milli Məclisdə təmsil olunduğundan bu partiya da rəsmən parlament partiyası sayılacaq (E.Qədirli bu barədə açıqlama verib).
Bununla da parlament partiyalarının sayı 9-dan 11-ə çatıb.
İndiyədək parlamentdə təmsil olunan partiyalar bunlar idi: Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP) , Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Vətəndaş Birliyi Partiyası (VBP) və Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP).