Yuxarı

Siyavuş Novruzov: "Partiyanın namizədlərinə alternativ olan YAP üzvləri haqda tədbir görəcəyik"

YAP rəhbərliyi partiyanın qərarına tabe olmayanlara xəbərdarlıq edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə irəli sürdüyü deputatlığa namizədlərə alternativ olaraq seçkiyə qatılan YAP üzvləri partiyadan çıxarılacaq.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Report"a açıqlamasında deyib ki, bununla bağlı partiyanın mövqeyi birmənalı və dəyişməzdir: "YAP üzvü partiyanın rəsmi qaydada irəli sürdüyü namizədə alternativ olaraq deputatlığa namizədliyini irəli sürəcəksə, həmin üzvlərimizlə yolumuz ayrılacaq.

YAP üzvləri partiyanın rəsmən irəli sürdüyü namizədə alternativ olmamalıdırlar. Partiyanın namizədlərinə alternativ olanlarla bağlı tədbir görəcəyik".

YAP-ın 125 seçki dairəsinin 117-dən çox namizəd irəli sürdüyünü xatırladan S.Novruzov bildirib ki, hakim partiyanın bütün namizədləri qeydə alınıb. 

YAP-ın bir neçə üzvü öz təşəbbüsü ilə deputatlığa namizədliklərini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən məlumata görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP-ın üzvü olan "Azərsutəchizat tikinti" Açıq Səhmdar Cəmiyyətinin sədri Mirzəcan Xəlilovun, 59 saylı Salyan seçki dairəsindən "Çörək" Açıq Səhmdar Cəmiyyətinin direktoru, hakim partiyanın üzvü Yusif Ələkbərovun, 62 saylı Saatlı seçki dairəsindən YAP-çı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Minayə Əliyevanın, 81 saylı Beylaqan seçki dairəsindən işsiz, YAP-ın üzvü Rəşad Əliyevin,  87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən YAP üzvləri-"Real Press" qəzetinin baş redaktoru Raqif Əsgərovun, Ağsu "Su tikinti" ASC-nin hüquqşunası Vidadi Məmmədovun, fiziki şəxs Vüqar Nuriyevin, 109 saylı Balakən seçki dairəsindən təqaüddə olan YAP-çı Məmməd Xanayevin və 112 saylı Qax seçki dairəsindən rayonun təhsil şöbəsinin məsləhətçisi YAP üzvü Hacıxan İsgəndərovun namizədliyi qeydə alınıb. 

Xatırladaq ki, YAP rəsmi qaydada 41 saylı Sumqayıt birinci seçki dairəsindən Leyla Abdullayevanın, 59 saylı Salyan seçki dairəsindən İlqar Ağabəyovun, 62 saylı Saatlı seçki dairəsindən Nazim Rəşidovun, 81 saylı Beyləqan seçki dairəsindən Şahin İsmayılovun, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Əlyunis Mütəllimovun, 109 saylı Balakən seçki dairəsindən Nəsib Məhməliyevin və 112 saylı Qax seçki dairəsindən Babək Heydərovun namizədliyini irəli sürüb.

Bundan başqa, YAP-ın rəsmi formada namizəd irəli sürmədiyi 66 saylı Biləsuvar seçki dairəsindən YAP üzvü, rayonun Təhsil Şöbəsinin məsləhətçisi Qəmbərəli Bağırovun da namizədliyi qeydə alınıb. Hakim Partiya bu dairədə Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlının namizədliyini dəstəkləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi