Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Azərbaycanda seçki prosesinin ən yüksək standartlara cavab verməsi üçün mühüm islahatlar aparılıb"

    Beynəlxalq müşahidəçilərin bütün seçki məntəqələrində müşahidələr aparmaları üçün ölkədə lazımi şərait yaradılıb

    Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul edib.

    "Report" xəbər verir ki, İlyas Umaxanov Azərbaycanda parlament seçkilərinin mükəmməl və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə təşkil olunması münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edib. On beş seçki məntəqəsində apardıqları müşahidələr zamanı seçicilərin çox yaxşı əhval-ruhiyyəsinin şahidi olduqlarını vurğulayan İlyas Umaxanov seçkilərin gedişini izləməkdən ötrü müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanların yaradıldığını qeyd edib. İlyas Umaxanov, eyni zamanda, xarici ölkələrdən gəlmiş həmkarları ilə seçki prosesinin təşkili sahəsində Azərbaycanın təcrübəsindən istifadə edilməsi barədə fikir mübadiləsi apardıqlarını da bildirib.

    Dövlət başçısı İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun başçılıq etdiyi missiyanın Azərbaycanda seçkilərin gedişini izləmək üçün fəal şəkildə iştirak etməsindən məmnunluğunu ifadə edib. Beynəlxalq müşahidəçilərin bütün seçki məntəqələrində müşahidələr aparmaları üçün ölkədə lazımi şəraitin yaradıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanda seçki prosesinin maksimum şəffaf, keyfiyyətli və ən yüksək standartlara cavab verməsi üçün mühüm islahatların aparıldığını deyib. Dövlət başçısı beynəlxalq müşahidəçilərdən ibarət böyük nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların, minlərlə yerli müşahidəçinin seçki prosesini izlədiyini, “exit-pol”ların keçirildiyini, seçki məntəqələrində veb-kameraların quraşdırıldığını vurğulayaraq seçkinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün böyük işlər görüldüyünü bildirib.

    Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi