Yuxarı
    Bağlamaq

    ​MSK Müsavat Partiyasının deputatlığa keçmiş namizədlərinin şikayətinə baxıb

    Şikayətlər təmin olunmayıb

    Bakı. 5 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

    “Report”un məlumatına görə, iclasda noyabrın 1-də keçirilən parlament seçkilərilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb. 

    Şikayətlərlə bağlı MSK katibi Arifə Muxtarova, MSK üzvləri Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov və Baxşeyiş Əsgərov məlumat veriblər.

    33 saylı Xətai birinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Məhəmməd Bayramov, 68 saylı Cəlilabad kənd Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Davud Qurbanov seçki dairələrində səsvermə günü qanun pozuntularının olması ilə bağlı MSK-ya şikayət ediblər. MSK şikayətləri baxılması üçün DSK-ya göndərib.

    48 saylı Yexlax Seçki Dairəsindən namizədliyi Müsavat Partyası tərəfindən irəli sürülən Yusif Əliyev MSK-ya müraciətində bildirib ki, səsvermə günündən iki gün əvvəl namizədliyini geri götürüb, amma bununla bağlı seçki dairəsi lazımi addım atmayıb, adını seçki bülletenindən çıxarmayıb.  

    O, adının seçki bülletenindən pozulmadığına görə DSK-nın fəaliyyətini mübahisələndirib.

    MSK şikayəti təmin etməyib.

    MSK-da Müsavat Partiyasından deputatlığa namizədliyi qeydə alınan 18 nəfərin şikayətinə də baxılıb. Onlar şikayətlərində oktyabrın 29-dan deputatlığa namizədliklərinin qeydiyyatından imtina etdiklərini bildiriblər və adlarının seçki bülletenindən çıxarılmamasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndiriblər. MSK şikayəti əsassız sayıb. Bildirilib ki, Müsavat Partiyasının namizədləri noyabrın 1-də keçirilən parlament seçkilərində ilkin nəticələrə görə hazırda lider olan namizədlərdən az səs toplayıblar: "Ona görə də Müsavatın deputatlığa namizədlərinin adlarının seçki bülletenində qalmasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirmək əsassız iddiadır".

    MSK sədri Məzahir Pənahov deyib ki, namizədliyin geri götürülməsi səsvermə gününə 10 gün qalmış mümkün ola bilər. O bildirib ki, Müsavat Partiyası tərəfindən deputatlığa namizəd irəli sürülən şəxslər bu müddət keçdikdən sonra MSK-ya müraciət ediblər: “Hüquqi baxımdan həmin şəxslərin deputatlığa namizədliklərinin ləğv edilməsi mümkünsüz idi. Bu məsələ birdəfəlik hər kəsə aydın olmalıdır. Bütün bunlar Seçki Məcəlləsi ilə tənzimlənir”.

    31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli qərara etiraz edib. O bildirib ki, namizədliyinin geri götürülməsinin təmin edilməməsi qanunsuzluqdur: “Bizim ərizələrimizi dairə seçki komissiyaları götürməkdən imtina edib”.

    89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizədliyini irəli sürən Vidadi İsgəndərli seçki dairələrində səsvermənin nəticələrinin ləğv olunmasını xahiş edib. MSK şikayəti rədd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi