MSK 8 deputatlığa namizədin şikayətinə baxıb

MSK 8 deputatlığa namizədin şikayətinə baxıb Onlardan ikisinin müraciəti təmin edilib, altısının şikayəti isə rədd edilib
Milli Məclis
8 Oktyabr , 2015 18:56

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 21 saylı Nəsimi birinci Seçki Dairəsindən namizədliyini irəli sürən Müsavat Partiyasının üzvü Məzahir Məmmədov MSK-ya müraciət edib. O, müraciətində bildirib ki, DSK-nın qərarı əsassızdır. Məlum olub ki, onun DSK-ya təqdim etdiyi imzalardan 227-si etibarsızdır. Bildirilib ki, yoxlama zamanı imzasını təqdim edən seçicilərin 99 nəfəri həmin ərazidə yaşamırlar. Buna görə MSK M.Məmmədovun şikayətini təmin etməyib.

Şikayətçi isə qərara etiraz edib.

77 saylı Astara Seçki Dairəsindən namizədliyini irəli sürən Mikayıl Talıbov DSK-nın onunla bağlı qərarını mübahisələndirib. Məlum olub ki, namizədin DSK-ya təqdim etdiyi imzalardan 469-u etibarlıdır, buna görə də DSK-nın qərarı ləğv olunmalıdır. Qərar səsə qoyularaq qəbul edilib, M.Talıbovun deputatlığa namizədliyi qeydə alınıb.

84 saylı Füzuli Seçki Dairəsindən namizədliyini irəli sürən Məhəmməd Həsənovun deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı şikayətinə baxılıb. MSK-nın Ekspert Qrupunun araşdırmasından sonra bəlli olub ki, namizədin DSK-ya təqdim etdiyi imzalardan 272-si etibarsızdır. MSK DSK-nın M.Həsənovla bağlı çıxardığı qərarı qüvvədə saxlayıb, onun deputatlığa namizədliyi qeydə alınmayıb.

19 saylı Nərimanov birinci Seçki Dairəsindən namizədliyini irəli sürən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlunun müraciətinə baxılıb. O, MSK-ya etdiyi müraciətdə bildirib ki, DSK əsassız olaraq onun namizədliyini qeydə almayıb. MSK-nın apardığı araşdırma nəticəsində onun DSK-ya təqdim etdiyi imzalardan 117-nin etibarsız olduğu üzə çıxıb. Beləliklə, DSK-nın qərarı qüvvədə saxlanılıb, A.Tanrıverdioğlunun namizədliyi qeydə alınmayıb.

19 saylı Nərimanov birinci Seçki Dairəsindən namizədliyini irəli sürən Pərviz Səmədovun şikayətinə baxılıb. MSK üzvü Ramiz İbrahimov deyib ki, o, müraciətində DSK-nın qərarının ədalətsiz olduğunu iddia edib. Ekspert Qrupu araşdırma aparıb, məlum olub ki, onun DSK-ya təqdim etdiyi imzaların bir hissəsi etibarsızdır, etibarlı imzaların sayı isə deputatlığa namizədliyin qeydə alınması üçün kifayət etmir. MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Ümid Partiyası tərəfindən 26 saylı Sabunçu birinci Seçki Dairəsindən namizədliyi irəli sürülən Yeganə Hacıyevanın da şikayəti araşdırılıb. MSK-nın araşdırması nəticəsində bəlli olub ki, Y.Hacıyevanın DSK-ya təqdim etdiyi imzaların bir hissəsi etibarsızdır. Etibarlı imzalar namizədliyin qeydə alınması üçün kifayət etmədiyindən Y.Hacıyevanın namizdliyi qeydə alına bilməz. Qərar səsə qoyularaq qəbul edilib.

77 saylı Astara Seçki Dairəsindən namizədliyini irəli sürən Namiq Hacızadənin şikayətinə baxılıb. N.Hacızadənin şikayəti təmin edilib, deputatlığa namizədliyi qeydə alınıb.

40 saylı Kəpəz (Gəncə) ikinci Seçki Dairəsindən namizədliyini irəli sürən Salman İmanlının isə şikayəti təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi