Yuxarı

Azərbaycan Mətbuat Şurası bəzi KİV-lərə xəbərdarlıq edib

Şura bəyanat yayıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ “Milli Məclisə seçkilər yaxınlaşdıqca ayrı-ayrı namizədlər və media orqanları arasında müəyyən gənginlik müşahidə edilməkdədir. Bu cəhət Mətbuat Şurasına ünvanlanmış narazılıq məktublarında da əksini tapmaqdadır. Bir sıra namizədlər ayrı-ayrı kütləvi informasiya vasitələrində, xüsusən də internet xəbər portallarında şərəf və ləyaqətlərinin aşağılandığını, işgüzar nüfuzlarına zərər gətirildiyini iddia edirlər. Bu baxımdan çoxsaylı şifahi müraciətləri, o cümlədən deputatlığa namizədlər Fəzail Ağamalının və İlhamiyə Rzayevanın Şuraya müraciətlərini qeyd etmək mümkündür”. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Mətbuat Şurasının bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Mətbuat Şurasının apardığı monitorinqlərin nəticələri də şikayət müəlliflərinin haqlı olduqları məqamların mövcudluğunu təsdiqləyir: “Şura müxtəlif illərdə seçkiqabağı təbliğat-təşviqat kampaniyasının mediada işıqlandırılması ilə bağlı vəziyyəti təhlil edərkən bu qənaətə də gəlir ki, ötən dövrlərlə müqayisədə 2015-ci ilin parlament seçkisi öncəsi siyasi ziddiyyətlərin bu və ya digər media orqanına çıxarılmasına dair faktlar əhəmiyyətli dərəcədə azalıb. Ancaq mövcud durum arxayınlaşmağa əsas vermir. Buna görə də Mətbuat Şurası bir müddət öncə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, həmçinin Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyi ilə birgə jurnalistlərin seçkini işıqlandırması xüsusiyyətlərinə dair tematik tədbirlər təşkil edib.

Azərbaycan Mətbuat Şurası Milli Məclisə seçkilərə saylı günlərin qaldığı bir vaxtda kütləvi informasiya vasitələrini, əsasən də internet media orqanlarını “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na riayət etməyə, habelə Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmağa çağırır. İstərdik ki, media fəaliyyəti ilə məşğul olan şəxslər seçkini təkcə siyasi rəqabət deyil, eyni zamanda xalqımız və dövlətimiz üçün mühüm sınaq meydanı olması reallığını tam ciddiyyəti ilə dərk etsinlər”.

Bəyanatda bildirilib ki, ictimai missiya yerinə yetirən jurnalistikamızın hazırkı dövrdəki həssaslığı ölkənin beynəlxalq nüfuzu baxımından da önəmlidir: “Mətbuat Şurası seçki prosesini, deputatlığa namizədlərin fəaliyyətini işıqlandıran KİV-ləri mövcud məqamı ətraflı düşünməyə, ədalətli rəqabətin, intellektual müstəvidəki mübarizənin təbliğatçısı olmağa, namizədlərin fəaliyyətindəki ictimai motivləri cəmiyyətə dəqiq və qərəzsiz şəkildə çatdırmağa səsləyir. Qurum media orqanının, yaxud jurnalistin hansısa namizəd barədə təhqiredici, aşağılayıcı fikirlər yayımlamasını qətiyyətlə pisləyir. Şura bu sayaq xoşagəlməz hallara yol verən kütləvi informasiya vasitələrinə ciddi şəkildə xəbərdarlıq edir və bildirir ki, peşə fəaliyyətinə etinasız yanaşma meylləri nəzarətdə saxlanılacaq.

Azərbaycan Mətbuat Şurası ölkədə yaradılmış ədalətli seçki mühitinə media müstəvisində xələl gətirilməsinə münasibətdə qanuni ölçü tədbirinin götürülməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldıracaq və təşəbbüsündə israrlı olacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi