Yuxarı

Əli Həsənov: "Seçkilərin ATƏT DTİHB tərəfindən müşahidə edilməməsi onun legitimliyinə kölgə sala bilməz"

Prezidentin köməkçisi: DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atıb

"Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini qəbul etməyəcək"

Bakı. 3 noyabr. REPORT.AZ/ "Birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz"

"Report" "Azərtac"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. 

ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərə dair münasibətini şərh edən Əli Həsənov bildirib ki, Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib: "Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət vermişdir. Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan etmişdir.

Azərbaycan hökuməti müşahidə üçün ATƏT DTİHB-yə müraciət ünvanlamış və dəfələrlə missiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirmişdir. Təəssüf ki, ATƏT DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməmiş və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina etmişdir. Hesab edirik ki, bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır. DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atıb.

Azərbaycan hökuməti ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirir və qarşıdan gələn dövrdə də üzv olduğu təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini qəbul etməyəcək"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi