Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan
Açıqlamada bildirilib ki, milli jurnalistikanın müstəqil inkişafına dövlət qayğısının nümunəsi olaraq, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Mətbuat Şurası uğurla mətbuat, cəmiyyət və dövlət arasında əlaqələndirici rolunda çıxış edir: “Bu gün milli jurnalistikanın milli-mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi və eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi və ümumiyyətlə, ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, region və onun hüdudlarından kənarda informasiya məkanının formalaşdırılması, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında müstəsna xidməti var. Birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan məqsədyönlü qarayaxma kampaniyasının qarşısının alınmasında vətənpərvər milli mətbuat öz vəzifəsini bir daha layiqincə yerinə yetirdi.
Xarici İşlər Nazirliyi KİV-lə münasibətdə açıqlıq şəraitində KİV-in sorğu və suallarının operativ qaydada cavablandırılması, bu xüsusda, elektron vasitələrin tətbiqi və sosial şəbəkələrin imkanlarından geniş şəkildə istifadə edilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək. Xarici KİV nümayəndələrinin akkreditasiyası funksiyasını həyata keçirən bir qurum kimi XİN tərəfindən bu sahədə hüquqi baza yaradılıb və elektron xidmətlərin tətbiqinə başlanıb”.
Xarici İşlər Nazirliyi rəhbərliyi, nazirliyin mərkəzi aparatının və diplomatik nümayəndəliklərin kollektivi milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar bu sahədə çalışan bütün peşəkarları təbrik edib və bu şərəfli işlərində onlara uğurlar arzulayıb.