Yuxarı
    Bağlamaq

    Türkiyənin məşhur jurnalisti: "Sovet dövründə Azərbaycanda çəkdiyim fotoları Türkiyəyə çətinliklə keçirdim və mükafat aldım" - MÜSAHİBƏ

    Dinlə
    Ardan Zentürk: Biz türklər başqa millətlərin şərəfinə hörmət göstərən bir millətik

    İstanbul. 5 iyul. REPORT.AZ/ Türkiyənin tanınmış telejurnalistlərindən olan, bu ölkənin özəl televiziya tarixində xüsusi yeri olan, “Star” qəzetinin köşə yazarı və “24 TV”nin “Moderatör Gece” verilişinin aparıcısı Ardan Zentürkün "Report"un Türkiyə bürosuna müsahibəsi.

    - Türkiyədə xəbər jurnalistləri deyiləndə ilk ağıla gələn media təmsilçilərindən biri də siz olursunuz. Uzun və çətin bir yol keçmisiniz. Yəqin ki, Türkiyədə yüzlərlə jurnalistin arasında Ardan Zentürk imzasını təsdiqləmək heç də asan olmayıb... 

    - Haqlısınız, həqiqətən, asan olmadı Ardan Zentürk olmaq. Mən 1955-ci ildə İstanbulda doğulmuşam. Mərmərə Universitetinin Siyasət fakültəsini bitirmişəm. Türkiyədə siyasət məzunu olmaq ya vali, ya da diplomat işləmək deməkdir. Mən uşaqlıqdan bu yana jurnalist olmaq arzusundaydım. Jurnalistikaya çox gənc yaşda gəldim, onda 19 yaşım var idi. Orta məktəbi yeni bitirmişdim. “Hürriyyət” qəzetində işlədim, çox uzatmaq istəmirəm, çünki hekayəm çox uzundur. Adi əməkdaşdan televiziya rəhbərliyinə qədər yüksəldim. Xüsusilə özəl televiziyaların Türkiyədə qurulduğu illərdə 1993-1994-cü illərdə “Star” televiziyasında rəhbər vəzifəsində işlədim. Daha sonra “Kanal D”nin, “Kanal 6”nın və bir neçə özəl televiziyanın qurulmasında xidmətlərim olub. Durmadan işlədim, 2003-cü ildən etibarən işimi daha çox köşə yazıları və televiziyada layihə rəhbəri vəzifələrində davam etdirirəm. İdarəetməni artıq gənclərə vermişəm. 

    - Bilirik ki, Azərbaycanın ən çətin illərində könüllü olaraq Bakıya gedib oradan Dağlıq Qarabağa yollanmısınız. Orada baş verən hadisələrə dair çəkdiyiniz fotolar dünyanın ən nüfuzlu qəzetlərində yayımlanıb. Həmin dövrü necə xatırlayırsınız? 

    - Tamamilə doğru deyirsiniz. Mənim bu günə qədər olan jurnalistika təcrübəmdə xüsusilə 1988-1992-ci illər arasında ən qürur duyduğum, yaddaşıma həkk olunan iş, xatirələrim Bakı, Ağdam və Dağlıq Qarabağla bağlıdır. Xatırlayıram, o illərdə Azərbaycanda jurnalistlərin ağsaqqalı Hacı Hacıyev idi. Biz onunla İstanbulda tanış olmuşduq. Hələ o zaman Sovet İttifaqı dağılmamışdı. 1988-ci ildə Ermənistanda çox böyük zəlzələ oldu. Mən buradan Hacı Hacıyevə bir məktub yazdım, Azərbaycandakı vəziyyəti, zəlzələnin ölkəyə təsir edib-etmədiyini soruşdum. O, çox sevindi ki, bir türk jurnalist həmkarı onlarla maraqlanır. Ancaq, bəlkə də, Bakıda da bir şeylər oldu deyə, həqiqətən, çox qorxmuşduq. O, bu məktubumdan sonra mənə təcili teleqram göndərdi və mən Sarp sərhədindən keçərək Sovet İttifaqının ərazisinə daxil oldum. 

    Məni orada dostum Fazil Mustafayev qarşıladı, Batumiyə getdik, oradan Tiflisə keçdik və qatarla Bakıya doğru yol aldıq. Bu, mənim üçün bir türk jurnalistin “soyuq müharibə” illərində, Sovet İttifaqı hələ var ikən, yaşaya biləcəyi ən mükəmməl, maraqlı səyahət və təcrübə oldu. Daha sonrakı səfərlərimdə Dağlıq Qarabağa getdim. Qatır Məmməd var idi, Allah rəhmət etsin ona, onun könüllü döyüşçüləri ilə bərabər o qanlı müharibənin olduğu ərazilərə getdik. İşğaldan bir qədər əvvəl Ağdama da getmişdim, daha sonra ora da itirildi.

    İkinci səfərim Azərbaycanın müstəqilliyə aparan yolda keçirilən mitinq dövrünə təsadüf edir. "Azadlıq" meydanındakı Leninin nəhəng heykəli hələ də dururdu. Orada Azərbaycan Xalq Cəbhəsinin sədri və sonradan prezident seçilmiş Əbülfəz Elçibəyin liderliyində minlərlə insan müstəqillik üçün meydana toplanmışdı. Mən də meydandaydım. O anlar gözümün önünə gələndə sözlərlə ifadə edə bilməyəcək qədər qürur duyuram (gözləri dolur), çox duyğulanıram. Azərbaycanın üçrəngli bayrağını ikinci dəfə Bakıda yüksəldiyi zaman onun fotosunu çəkən yeganə türk jurnalistəm. Həmin anlar mənim üçün bir türk, türk jurnalisti olaraq peşə təcrübəmin zirvəsi, qürurü, uğuru idi. 

    Məmməd Əmin Rəsulzadə deyib ki, bir kərə yüksələn bayraq bir daha enməz. Bəli, o bayrağı endirə bilmədilər. Bir müddət təzyiqlərlə endirilmiş kimi göründü, çox qısa bir zaman sonra heç də elə olmadığı və Azərbaycan səmalarında üçrəngli ay ulduzlu bayrağın dalğalandığını dünya gördü. O bayraq bir millətin ürəyində idi, əgər bir millət bayraq üçün ayağa qalxıb ürəyini sipər edirsə, istəsəniz 200 il tanklarla əzin, istəsəniz 300 il bombalarla yox edin, mümkün deyil, o bayraq yenə də dalğalanacaq. Azərbaycanda olduğu kimi... Biz o günü gördük, Azərbaycanı müstəqil dövlət olaraq tanıyan ilk ölkə Türkiyə oldu. Həqiqətən də, bu, Azərbaycan türkünün böyük mücadiləsi və qələbəsi idi.

    Ermənistan, erməni xalqı çox böyük bir səhv edib. Bunu onlara min dəfə dedik və bir daha deyəcəyəm. Müstəqillik mücadiləsi verən bir millətə təcavüz edilməz, müstəqilliyi üçün ayağa qalxan bir millətlə müharibə edilməz, torpağına göz dikilməz. Hələ o millət sənin qonşundursa, əsirlərdir, illərdir yanaşı yaşayıb duz-çörək kəsmisənsə, hörmət etməlisən. Bütün toplumlar arasında sıxıntılar ola bilər, ancaq sən müstəqillik mübarizəsinə qalxmış bir millətə hörmət etməlisən, sonra problemini həll etməyə çalışmalısan. Azərbaycan türkünün ən köməksiz, ən çətin zamanında ermənilər separatçılıq fəaliyyətinə başladılar, Moskvada, Parisdə, Amerikada əldə etdikləri güclə müstəqillik mücadiləsi verən, təkbaşına, köməksiz bir xalqa divan tutdular. Biz türklər başqa millətlərin şərəfinə hörmət göstərən bir millətik. Mən sərt danışmaq istəmirəm, ancaq ermənilər çox böyük bir səhvə yol verdilər.

    - Dağlıq Qarabağdakı müharibə bölgəsinə səfər edəndə hansı qəzetdə işləyirdiniz?

    - Onda 33-34 yaşım vardı. “Günaydın” qəzetində işləyirdim. Mənə çox çətin iş həvalə olunmuşdu. O gün çəkdiyim görüntüləri Türkiyəyə filmlərə mövzu olacaq bir ssenari ilə keçirdim. Çünki icazə verilmirdi. "Azadlıq" meydanında milyonlarla insanın gözü önündə yüksələn o bayrağın fotosunu dünyaya ilk dəfə mən yaydım. Mükafat aldığım o xəbərin başlığı isə “Azərbaycan ayaqda” idi. O görüntülərin hamısı arxivimdədir. O günlərdə hazırladığım xəbərlərlə bağlı çoxlu mükafat aldım. Mənim oradan gətirdiyim görüntüləri, fotoları rəhmətlik Gökşin Sipahioğlu Fransada işlədiyi “Sipa Press”də yayımlamaq üçün aldı, bütün dünyanın ən öndəgedən qəzetləri, televiziyaları o materiallardan istifadə etdi. Hətta Nyu-Yorkdan “Time” jurnalının rəhbərliyi o vaxt mənə zəng etdi və "bizə bir məqalə yazın, orda gördüklərinizi təsvir edin" dedilər. Mən də dedim, çəkdiyim fotolardan istifadə edin, ancaq mənim yazdığım məqaləni onsuz da yayımlamayacaqsınız. Soryuşdular ki, niyə? Cavabında, "çünki mən Qarabağa gedən bir türk jurnalisti olaraq reallıqları yazacağam, Azərbaycanın mövqeyindən baxıram hər şeyə" dedim. Bildirdim ki, məni boş yerə yormayın. Onlar vəziyyəti başa düşdükdən sonra çox təkid etmədilər.

    - Çəkdiyiniz görüntülərdə nələr vardı? 

    - Orada vəziyyət o qədər acınacaqlı idi ki, haradan başlayım bilmirəm. Ermənilər Rusiya ordusu ilə işbirliyi qurmuşdular. Tankları, topları, zirehli texnikaları, rüşvətlə satın aldıqları rus ordu generalları vardı. Köməksiz vəziyyətdə olan bir xalqın önünə ordu çıxmışdı. Təəssüf ki, o günlər Azərbaycan heç kimdən dəstək ala bilmirdi. Dörd Azərbaycan əsgərinə 1 "Kalaşnikov" avtomatı düşürdü. O zaman Azərbaycan yalnız qalmışdı, Türkiyə daxil olmaqla bütün qonşularına çıxışı bağlanmışdı. Bir tərəfdə günahsız mülki insanlar, digər tərəfdə isə raket, top və digər ağır salahlarla silahlanmış işğalçı ordu dayanmışdı. Bu, çox ədalətsiz vəziyyət idi. O günlər mənə elə gəlirdi ki, bütün dünya birləşib türkün torpağını əlindən almaq üçün müharibə aparır. Həqiqətdə də, elə idi. Ancaq dünya bilməlidir ki, Azərbaycan da, Özbəkistan da, Türkmənistan da, Anadolu da türkün torpağıdır. Azərbaycanda vəziyyət çox ağır idi, mən Türkiyəyə qayıtdım, oradan gətirdiyim xəbərləri hazırlamağa başladım. O vaxt rəhbətlik Turqut Özal məni yanına çağırdı. Onunla İstanbulun Əmirganda iqamətgahında görüşdük. Soruşdu ki, Azərbaycanda nə baş verir, mən də cavabında "sizə dövlət kəşfiyyatı məlumat ötürür, orada baş verənlərdən məlumatınız var" cavabını verdim. Dedi ki, bilirəm, ancaq səndən də eşitmək istəyirəm. Mən də gördüklərimin hamısını danışdım. Azərbaycan əldən gedir dedim. Dövlət başçısına  söylədim ki, Azərbaycanı, xüsusən də Naxçıvanı qorumaq lazımdır. Bir neçə gün sonra, Turqut Özalın Ərzurumda bir çıxış vardı və orda Ermənistana açıq şəkildə sərt mesajlar göndərdi. O mesajında belə dedi: "Ey Ermənistan, sənə 2 bomba ataram, bu özbaşınalığa son qoy". Həmin çıxışdan sonra ortalıq çox qarışdı. Türkiyə durumun ciddiliyini anlamışdı və Naxçıvanı qorumaq üçün bütün səylərini səfərbər etdi. Ağdam işğal olunduqdan sonra Bakıya yol görünürdü, ancaq Türkiyənin müdaxiləsi orada vəziyyəti dondurdu. İndi qürur duyuruq Azərbaycanın güclü ordusu, mükəmməl Silahlı Qüvvələri var. Azərbaycan Ordusunun təlimlərini izləyirik, xəbərlərimizdə işıqlandırırıq.

    - Ardan bəy, çalışdığınız televiziyada Azərbaycanla bağlı tarixi hadisələri və tarixi günləri hər zaman diqqətdə saxlayırsınız və geniş yer ayırırsınız. Müsahibəyə ilk anından bu yana gözləriniz dolub boşalır. Sizi bu qədər Azərbaycan sevdalısı kimi görməkdən qürurlanırıq.

    - Azərbaycan mənim də vətənimdir, ölkəmdir. Bunu tam səmimi deyirəm. Oradakılar mənim ata-analarım, bacı-qardaşlarımdır. Başqa bir ölkədə, başqa bir məkanda bu qədər xoşbəxt ola bilmərəm. Mən çalışdığım verilişdə hər zaman Azərbaycan gələn xəbərlərə həssaslıqla yanaşıram, axı mənim qədər bu ölkənin tarixini, insanını bilən az jurnalist var. Bu gün Azərbaycan bütün sahələr inkişaf edir, ancaq hərb sənayesi, məncə, bunların ən önündə yer alıb. Onların uğuru bizim uğurumuzdur. İndi məqsəd torpağın geri alınmasıdır. Bu savaş da olar, diplomatik danışıqlar da. Bu günə qədər barış yolu seçildi və sülh yolu ilə məsələnin həll olunması istənildi. Azərbaycan bu mövzuda bütün səbrini istifadə etdi. Türkün ağlı sərtdir, səbir tükəndisə hər şey dəyişə bilər, dünya inciməsin. O torpaqlar alınacaq, lazım olsa müharibə yolu ilə də.

    Mən düşünürəm ki, hansı coğrafiyada yaşayır yaşasın,  türk toplumların ən böyük xarakteristikası torpağı şəhidi ilə vətən edən millətdir. Bizim övladlarımız torpağa düşərsə, biz o torpağı vətən bilərik. Bunu Azərbaycanda da görürük, azərbaycanlı övladlarımız cəbhə xəttində şəhid olurlar. Mən o xəbərləri oxuyarkən çox kədərlənirəm, ancaq, bu, bizim özümüzdür. Vətən torpağı varsa, onun üçün canından keçməyə hər birimiz hər an hazır olmalıyıq. 

    Xatırlayıram, Albert Çernışov vardı, Sovetin, sonra da Rusiyanın Türkiyədə səfiri olub. Bir gün mənə dedi ki, ən çətin günümüzdə siz bizim kürəyimizdən vurdunuz, Azərbaycanın müstəqilliyini tanıyaraq, ancaq biz ruslar üstündən 300 il keçsə belə bunu əsla unutmayacayıq. Mən də dedim, unutmayın, ancaq bir şeyi daha unutmayın, oradakı insanlara 70 il əsarət yaşatdınız. Bu coğrafiyada bərabər yaşayacayıqsa, keçmişi unutmadan gələcəyi qura bilməyəcəyik. Ermənilərin ən böyük səhvi budur. 1915-ci ildə ilişib qalan bir millətdirlər və gələcəklərini inşa edə bilmirlər. Baxın, Cənubi Qafqazda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox böyük işlərə imza atırlar. Bakı-Tbilisi- Qars dəmiryolu xətti, TANAP bunlara əyani misaldır. Azərbaycan Türkiyədən daha sürətlə inkişaf edir. 

    SOCAR 2020-ci ilə qədər Türkiyədə ümumilikdə 19,5 mlrd. dollarlıq investisiya proqramı həyata keçirəcək. Son illərdə Türkiyənin sənayesinə qoyulan ən böyük investisiya azərbaycanlı qardaşlarımızın payına düşür. Gürcüstan belə fürsətdən yararlanıb özünə yer edir bu layihələrin içində, ancaq baxın Ermənistan heç bir yerdə yoxdur. Ermənistanın əhalisinin yarısı aclıqdan başqa ölkələrə köç edir, ancaq bunlarda heç bir hərəkət yoxdur. Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, dünya dövlətləri arasında hər keçən gün mövqelərini möhkəmlədir. Mən bunu qürur duyaraq izləyirəm. Həm mədəniyyəti ilə, ictimai həyatı ilə, idman, sənət, musiqi bir sözlə, bütün sahələrdə dünyada mükəmməl bir şəkildə təmsil olunur.

    - Çalışdığınız illərdə çox dövlət və hökumət adamları ilə həmsöhbət olduğunuzu və onlarla hər zaman fikir və düşüncələrinizi paylaşdığınızı dediniz. Bizimlə bölüşmək istədiyiniz xatirələriniz varmı?

    - Bəli, çalışdığım illər bir qədər keşməkeşli illər olduğu üçün çox xatirələrim var. Çağdaş Azərbaycan qurulandan sonra mən ümummilli lider Heydər Əliyevlə də həmsöhbət olmuşam. Çox böyük insan idi, öz milləti üçün canını fəda etməyə hazır olan tam bir lider idi. Sizə çox maraqlı bir hadisəni danışacağam.

    Deməli, o vaxt rəhmətlik Süleyman Dəmirəl baş nazir idi. Heydər Əliyev Ankaraya rəsmi ziyarətə gəlmişdi. Süleyman Dəmirəl məni yanına çağırdı və bəzi məsələləri söylədi. Sonra ara elə qarışdı ki, mən yerimə dönə bilmədim. Heydər Əliyev məni önə doğru yönləndirdi və elə bildi ki, Süleyman Dəmirəlin müşavirlərindən biriyəm. Fasilədə bütün jurnalistləri çölə çıxartmışdılar. Mən, təxminən, 10 dəqiqə onların yanında qaldım və onların arasında çox maraqlı bir dialoqun şahidi oldum. Mən Süleyman bəyə baxıb "burada qaldım" dedim. O, Heydər Əliyevə üzünü tutub "bu çox etibarlı bir jurnalistdir" dedi. Daha sonra məni Heydər Əliyevlə tanış etdi, "Ardan bəy, səni qardaşımla tanış ol deyə yanıma çağırmışdım" söylədi. Heydər Əliyev və Süleyman Dəmirəllə sözün əsl mənasında qardaş idi.

    Müstəqil Azərbaycan qurulduqdan sonra onun ilk 10 ilində bu iki qardaş ölkə arasındakı münasibətlərin təməl daşlarını onlar qoydular. Məncə, çox sağlam təməl oldu. Mən Süleyman Dəmirəllə Azərbaycan Türkiyə münasibətləri barəsində sıx-sıx söhbətləşirdim. Süleyman Dəmirəlin xüsusi bir sevgisi vardı Azərbaycana, hər zaman bunu deyərdi mənə. Ardan, "Azərbaycan bu on ili qansız-qadasız, problemsiz keçməlidir. Heydər Əliyev böyük adamdır və biz onunla bu 10 ili çox uğurlu bir şəkildə geridə qoyacayıq" deyərdi. Çünki o 10 il müstəqillik anlayışının dərinləşməsi üçün çox vacib idi. O illər Azərbaycan xalqını da möhkəmlədirdi, artıq ondan sonra kənardan gələn basqılara qarşı birlik içində mücadilə etməyin yollarını tapa bildilər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla apardığı siyasət bu sağlam təməllərin üzərində elə sağlam bir şəkildə də davam edir. Prezident İlham Əliyevdən də müsahibələr almışam. Qürur duyuram ki, Azərbaycana belə savadlı, enerjili və uzaqgörən bir gənc lider rəhbərlik edir. 

    - Ardan bəy, Azərbaycan mediasını izləyirsinizmi? Hazırlanan xəbərlər sizi qane edirmi?

    - Bəli izləyirəm. Çox bəyənirəm. Avropada və Amerikada şər qüvvələrə qarşı Azərbaycan və Türkiyənin ortaq birliyi var. Düşmənlərimiz də ortaqdır. Mübarizəmiz birdir. Azərbaycanlı gənclər türk diasporu ilə birlikdə çox aktiv fəaliyyət göstərirlər. Bu qardaşlıq əlaqələri hər il daha da möhkəmlənir. Düşünürəm, gələcəkdə daha da gözəl iş birliyi içində olacağıq. Azərbaycan və Türkiyə mediası arasında iş birliklərin artırılmasına ehtiyac olduğunu düşünürəm. Mən bu məsələdə üzərimə düşəni etməyə hazıram. Ortaq sənədli filmlər, ortaq seriallar hazırlamağımız lazımdır. Birimizin zəif olduğumuz sahədə digərimizin dəstək verməsi, birlikdə yola davam etməyimiz vacibdir. İki ölkənin televiziya və radio qurumları arasında əlaqələrin genişləndirilməsinə çox ciddi ehtiyac var. Bunun üçün rəsmi qurumların, səfirliklərin işbirliyin içində olması lazımdır. Sadəcə Türkiyə deyil bütün dünyada hər iki dövlət adına çalışan bu qurumlar bir-birinə dəstək və güc verməlidilər. Əbəs yerə demirik: biz bir millət, iki dövlətik.

    Mən Azərbaycanla Türkiyənin bayraqları qədər bir-birinə gözəl yaraşan başqa bir bayraq tanımıram. İki ay ulduz, hər iki ölkənin bayrağını yan-yana gördüyüm zaman kövrəlirəm. Göz yaşlarımı saxlaya bilmirəm (gözləri dolur). Bu, millət olmanın qürurudur. Düşünürəm ki, gələcək illərdə bütün sahələrdə hər iki qardaş ölkə uğurlu işbirliyi içində olacaq. Mən bilirəm ki, bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ilini qeyd edir. Türkiyədən 5 il öncə Məhəmməd Əmin Rəsulzadənin öndərliyində Şərqin ilk cümhuriyyətini Azərbaycan qurdu. Bu cümhuriyyət bizim üçün Türkiyənin müstəqilliyi qədər əhəmiyyətli idi. Orda qurulan cümhuriyyətin atəşi bir fənər oldu, bizə yol cızdı və böyük sərkərdə Mustafa Kamal Atatürkün öndərliyində Türkiyə müstəqilliyini bu cümhuriyyətin üzərində qurdu. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. O üçrəngli, ay ulduzlu bayraq heç bir zaman səmalarımızdan enməsin, İnşallah.

    Vüsalə Abbasova

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi