Yuxarı

Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub

Əflatun Amaşov: “Rəsmi səviyyədə olduğu kimi, media müstəvisində də işbirliyinin uğurlarından söhbət açmaq üçün kifayət qədər dolğun əsaslar var”

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan “Report”a verilən məlumata görə, görüş Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, hər iki ölkə mediası Azərbaycan və Türkiyənin ortaq maraqlarından çıxış edərək fəaliyyət göstərməkdədir: "Bu cəhət illərdən bəri həyata keçirilən işlərin ən böyük nəticəsidir. Rəsmi səviyyədə olduğu kimi, media müstəvisində də işbirliyinin uğurlarından söhbət açmaq üçün kifayət qədər dolğun əsaslar var. Lakin götürülmüş kursun davamına, yeni birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə ehtiyac da duyulmaqdadır".

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri H.Karadeniz də eyni fikri bölüşərək bildirib ki, Türkiyədə bu il iyulun 15-də həyata keçirilmiş dövlət çevrilişi cəhdi Azərbaycanın kütləvi informasiya vasitələrində qətiyyətlə pislənilib. 

Belə mövqenin nümayişinin son dərəcə vacib əhəmiyyət daşıdığını vurğulayan H.Karadeniz əlavə edib ki, Fətullah Gülən tərəfindən idarə olunan terrorçu qruplaşmaların gerçəkləşdirmək istədikləri məkrli plan Türkiyənin dövlətçilik maraqlarına ciddi təhdid idi. Bu planın Azərbaycana təsiri barədə müxtəlif fikirlər səslənib, mülahizələr irəli sürülüb. Mövcud durum məsələyə qardaş ölkələrin dövlətçilik maraqları nöqteyi-nəzərdən yanaşmanı aktuallaşdırır. Həmin yanaşmanı doğru və dürüst şəkildə cəmiyyətə çatdıran isə mediadır.

Görüşdə terrorun doğurduğu nəticələr, dini cərəyan və sektaların dövlətçilik maraqlarına vurduğu zərbə və sair mövzuların Azərbaycanın və Türkiyənin media qurumlarının, jurnalistlərinin ortaq toplantısında müzakirəyə çıxarılmasının zəruriliyi təklif edilib. Bu istiqamətdə təşkilati və texniki işlərə başlanılması məqbul sayılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi