Ceyhun Əli: "Tamaşaçını ekran qarşısında saxlamaq üçün şou göstərmək vacib deyil" - MÜSAHİBƏ

Ceyhun Əli: "Tamaşaçını ekran qarşısında saxlamaq üçün şou göstərmək vacib deyil" - MÜSAHİBƏ "Seminarlarımızda iştirak məhdudiyyəti yoxdur"
Media
15 Fevral , 2019 11:00
Ceyhun Əli: Tamaşaçını ekran qarşısında saxlamaq üçün şou göstərmək vacib deyil - MÜSAHİBƏ
Report/ Firi Salim

Bakı. 15 fevral. REPORT.AZ/ İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi proqramlar departamentinin aparıcısı Ceyhun Əlinin "Report"a müsahibəsi

- "Nitq mədəniyyəti" üzrə seminarlar yenidən başlayır. Əvvəlcə bu barədə danışmanızı istədrik...

- 2012-cu ildən nitq mədəniyyəti üzrə pedaqoq kimi fəaliyyət göstərirəm. Televiziyadakı fəliyyətim nitq mədəniyyətinə olan münasibətimi daha dərin köklərə bağlayıb və hesab edirəm ki, gənc mütəxəssislərin üzərində müəllimlərindən öyrəndiyi, əldə etdiyi təcrübəni bölüşmək kimi bir məsuliyyət və öhdəliyi olmalıdır. Peşəkar diktor və aparıcı məktəbi hazırda təəssüf ki, mövcud deyil. Bu baxımdan klassik nitq ənənələrinin yaşaması vacibdir. Bu mənada görkəmli sənətkar, xalq artisti, mərhum Rafiq Hüseynli ilə müzakirələrimiz çox olub. Nitqə olan həssas münasibət onu daim düşündürürdü.

- Seminarlarda kimlər iştirak edə bilərlər?

- Məhdudiyyət yoxdur. Bütün fəaliyyət sahələrinin nümayəndələri iştirak edə bilərlər. Bu, müddətli xakarter daşıyaraq ilkin mərhələdə 3-6 ay müddətini əhatə edir. Məhz bu müddət nitq mədəniyyətinə qədəmqoymanı əhatə edir.

- Müasir texnologiyaların nitq mədəniyyətinə təsirini necə qiymətləndirirsiniz?

- İndiki dövrdə nitqlə məşğul olmaq, ötən dövrlərə nisbətən çox asanlaşıb. Əvvəllər oxucu məlumatı əldə etmək üçün kitabxanaya müraciət edirdisə, indi şəxsi kompüterində kitabxana yarada bilər. Hətta telefonunda belə. Buna baxmayaraq texnoloji nailiyyətlərin inkişaf səviyyəsindən asılı olmayaraq, kitabı əldə tutaraq oxumaq əvəzsiz bir hal, vəziyyətdir. Hətta yer üzündə yalnız bir nəfər qalsa da, onun ünsiyyəti kitabla olacaq. Demək həm də nitqlə.

- Seminarlarla bağlı qarşınıza qoyduğunuz hansısa bir məqsəd varmı?

- Artıq qeyd etdiyim kimi üzərimdə öhdəlik və məsuliyyət hiss edirəm. Müəllimlərimdən öyrəndiklərimi təkmilləşdirib, ötürmək və paylaşmaq istəyirəm. Nitq üzərində iş insanın özü üzərində işdir.

- Hazırda bizim cəmiyyədə nitq mədəniyyətinin səviyyəsi nə yerdədir? Hansı problemlər var?

- Bizim güclü nitq yaddaşımız var. Azərbaycan dilində “sözün kəsəri” anlayışı var. Ana dilinin daxili tərkibinə, hansı sözün hansı mənanı ifadə etməsinə diqqət yetirmək kifayətdir ki, dilə və nitqə necə yanaşmalı olduğumuzu müəyyən edək. Azərbaycan dilinin dünya dilləri sırasında bir çox üstün keyfiyyətləri mövcuddur. Dilimiz o qədər musiqili, rəvan və axıcıdır ki, düzgün tələffüz edildikdə necə gözəl səslənməsinin şahidi oluruq. Bu baxımdan nitqə daha məsuliyyətlə yanaşma qaçılmazdır. Hətta xüsusilə vacibdir.

- Nitq mədəniyyətinin inkişafına mane olan amillər hansılardır?

- İstək və sevgi. Nitq insanın daxili gücü və enerjisi ilə bilavasitə bağlı olan anlamdır. Dil fizioloji faktor olduğu halda, nitq psixoloji struktura malikdir. Bu eyni zamanda insanın öz-özü ilə ünsiyyət etmə bacarağına bağlı olan amildir. Şəxsi nitq bacarıqlarının təkmilləşdirilməsi davamlı prosesdir. Fəaliyyət sahəsindən asılı olmayaraq, sən hər gün öz nitqinə diqqət yetirməklə özünü daha yaxşı tanımağa doğru addım atırsan. İstək. Sevgi. Mütaliə. Sonra ünsiyyət.

- Hər kəsin bu mədəniyyətə yiyələnməsi vacibdirmi?

- Arzuolunandır. Bəzən nitqində üzvi, anadangəlmə qüsuru olan insanların güclü natiqlik keyfiyyətlərinin şahidi olursan. Yəni insanın daxilindəki enerji nitqində olan qüsurları hissedilməz edir. Amma fəaliyyət sahəsi özündə nitqi bacarıqlara yiyələnməni ehtiva edirsə, nitq mədəniyyətinə yiyələnmək qaçılmazdır. Bu baxımdan ilk növbdə müəllimlərin yüksək nitq keyfiyyətlərinə malik olması vacibdir. Xüsusi nitq mədəniyyəti və ana dilinə olan münasibətdə nümunə kimi gördüyümüz insanlar müəllimlərdir. Biz həyatımızın ən önəmli dövrünü təhsil almaqla yaşayırıq. Bu gün mənimlə müsahibə etməyinizin səbəbkarlarından biri də məhz ibtidai sinif müəlliməmdir. Züleyxa xanım. (Gülür) O da, mənim nitqimin üzərində çox çalışıb.

- Əlaqəniz var?

- 2016-cı ilədək mütəmadi olaraq əlaqə saxlayırdım. İndi başqa evə köçüblər, əlaqə nömrəsini tapa bilmirəm. Əgər o, bu yazını oxusa, istərdim bilsin ki, mən çox darıxıram və onu axtarıram.

- Nitq mədəniyyəti insanın hansı yaş dövründən yaranmağa başlayır?

- İnsanın formalaşması 3-6 yaş arasında başlayır. Təbii ki, sonra təbiətdən, dünyadan, ətraf mühitdən aldığı keyfiyyətləri o, inkişaf etdirməyə başlayır. Düşünürəm ki, ananın dünyaya gələcək övladına, ana bətnində nağıl oxuması, musiqi dinlətməsi çox vacibdir.

- Yəni, bu qabiliyyət anadan gəlmə də ola bilər?

- Əlbəttə. İnsanın fitrətində bir çox keyfiyyətlər var. Mühitdən, ailədən, verilən tərbiyədən asılı olaraq, hansısa inkişaf edir, hanısa yox. İnsanın özü ailədən başlayır.

- Danışmaq və dinləmək nitqin ünsürləridir. KİV-də işləyənlərdə hansı üstünlük təşkil etməlidir?

- Hər ikisi. Dinləmək danışmaqdan daha çətindir. Kütləvi İnformasiya Vasitələrində çalışmaq fəaliyyət növü kimi xüsusi keyfiyyətlər tələb edir. Əgər diqqət yetirsək, kütləvi olan nəsnə auditoriyaya məhsul təqdim edən mütəxəssisdən ilk növbədə peşəkar keyfiyyətlərlə yanaşı həm də məsuliyyətli olmağı tələb edir.

- Aparıcıları işə götürərkən nitq mədəniyyəti mütəxəssisləri onları yoxlayırmı?

- Yoxlamalıdır. Mən sınaq müddətini keçdikdən sonra işə qəbul olunmuşam. Müsabiqədə 168 nəfər idik. Sonra 4 nəfər qaldıq. Hesab edirəm ki, müsabiqələrin təşkil olunması çox önəmlidir. Çünki, xüsusi münsif heyətinin seçim etməsi mütləqdir. Onlar təcrübəli və seçimləri maksimum dərəcədə qüsursuz olmalıdır. Münsiflər cəmiyyətə, tamaşaçının evinə, beyninə, qəlbinə gələcək insanları seçirlər. Təəssüf doğuran hal bundan ibarətdir ki, bəzən münsiflər heyəti qismində çıxış edənlərin bir qismi qeyri-peşə sahibləri və ya öz nitqi keyfiyyətləri zəif olan insanlar olur. Buna baxmayaraq, onlar kiməsə qiymət vermək missiyasını öz üzərinə götürür. Televiziyada “olmaz” anlayışını dəqiq bilmək və müəyyən etmək çox önəmlidir. Və bu “olmaz”ların sayı çox deyil.

- İctimai Televiziyanın bir çox yeniliklərinin şahidi oluruq.

- Televiziya hər gün dəyişməlidir. Bu gün hər hansı bir telekanalın qiymətləndirilməsini siz tamaşaçılar aparmalısınız. Və biz böyük məmnuniyyətlə tamaşaçıların qeyd və tənqidlərini dinləməyə və nəzərə almağa hazırıq. Amma tənqid sağlamdırsa. Telekanalda ekranın arxasında nə baş verirsə, buna görə televiziya mütəxəssisləri məsuliyyət daşıyır. Nə qədər çalışmağımıza, səy göstərməyimizə baxmayaraq, televiziya layihəsi öz ekran həllini tamaşaçını qane edəcək tərzdə tapmırsa, bu bizim günahımızdır. Çünki, biz tamaşaçıya borcluyuq. Amma zövqün aşılanması, maraqlı televizya proqramlarının təqdim olunması televiziyanın öhdəliyindədir. Yəni, zövqü bu baxımdan televiziya formalaşdırmalıdır.

- Nitq mədəniyyətinə yiyələnməyən aparıcıların efirlərdə olmasının nə kimi fəsadları ola bilər?

- İstənilən televiziya aparıcısı anlamalıdır ki, o necə böyük məsuliyyətli sahədə çalışır. Fəsadlar müxtəlif ola bilər. Çox təəssüf ki, sonra bunu aradan qaldırmaq çətin olur.

- Bəs şivə ilə danışanlar?

- Bütün dialektlərimiz və şivələrimiz gözəldir. Əgər proqramın formatı tələb etmirsə, tamaşaçıya daha yaxın olmaq üçün efirdə şivə ilə danışmaq olmaz. Aparıcını tamaşaçıya yaxın edən onun daxili vəziyyətidir, beyin məhsulu olaraq ərsəyə gətirdiyi ekran layihələridir. “Tamaşaçını ekran qarşısında saxlamaq” yanaşması ilə işləmək çıxış yolu deyil və bunun üçün “şou” göstərməyə də ehtiyac yoxdur. Sadəcə olaraq tamaşaçı ilə ünsiyyətdə olmağın formasını ilk növbədə dərk etmək lazımdır. Əgər şou layihələrdən danışsaq, bu səpkili layihələri yaratmaq çox məsuliyyətli, böyük beyin məhsulu tələb edən bir fəaliyyətdir.

Son xəbərlər

Orphus sistemi