Yuxarı

Şura sədri: "Jurnalistlərin xaricdə təhsil almaları üçün Dövlət Proqramı qəbul edilməlidir"

Əflatun Amaşov: Mətbuat mövhumatçılığa qarşı mübarizədə aktiv olmalıdır

Bakı. 29 iyun. REPORT.AZ/ “Azərbaycan xalqı I Avropa Oyunlarında öz üzərinə düşən missiyanı çox böyük şərəflə həyata keçirdi. İlk oyunları çox uğurla yekunlaşdırdıq”. 

“Report” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetində keçirilən tədbirdə deyib. 

O qeyd edib ki, hər bir xalqın həyatında mühüm hadisələr baş verir. Ə.Amaşovun fikrincə, “Bakı 2015” də min illərlə tarixi olan Azərbaycan xalqının həyatında qlobal baxımdan baş verən ən mühüm hadisələrdən biri oldu: "Əgər xalq bu missiyanı layiqincə yerinə yetirirsə, eləcə də həmin xalqın nümayəndələri idmanda yetəri qədər uğur qazanırsa, deməli bu hadisə xalqın həyatında çox mühüm rol oynayır. Bu da öz növbəsində xalqın daxilində milli birliyi gücləndirir, eləcə də xalqla rəhbərlər arasında əlaqəni daha da genişləndirir. Əminəm ki, xalqımız bundan sonra da qarşısında olan çox ciddi problemləri asanlıqla həll edə biləcək". 

Şura sədri eyni zamanda jurnalist kadrların aparıcı xarici ali təhsil müəssisələrində təhsil alması üçün Dövlət Proqramının qəbul edilməsini təklif edib: “BDU-nun Jurnalistika fakültəsində təhsil alan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə oxumağa göndərilməsi məqsədə uyğundur". 

Ə.Amaşov deyib ki, BDU-nun Jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələr təhsillərini davam etdirmək üçün aparıcı xarici ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər: “Bu, jurnalistikamızın inkişafı baxımından vacibdir”. 

Mətbuatı mövhumatçılığa qarşı mübarizədə aktiv olmağa çağıran Ə.Amaşov bu istiqamətdə təhlükələrin istisna olmadığını söyləyib: “Mövhumatçılıq güclənsə, sabah “Azad Qadın” heykəlinin qarşısında aksiya keçirə bilərlər. O halda mətbuat nə etməlidir, üzərinə hansı missiya düşür. Biz bu məsələlər barədə düşünməliyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi