Yuxarı

“Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin açılışı olub

Bu tip layihələrin gələcəkdə yaş məhdudiyyəti nəzərə alınmadan keçirilməsi təklif edilib

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün “Ramada-Baku” hotelində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Azərbaycan Mətbuat Şurasının birgə layihəsi olan “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin rəsmi açılışı keçirilib.

“Report”un xəbərinə görə, mərasimdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Qış məktəbi” iştirakçılarını salamlayıb, onlara Azərbaycan neft sənayesinin tarixi, gələcək perspektivləri haqqında ətraflı məlumat verib, gənc jurnalistlər üçün nəzərdə tutulan layihənin məqsədlərindən danışıb. O bildirib ki, böyük ənənələri olan Azərbaycan neftçiləri dünya neft sənayesinin inkişafına mühüm töhfələr veriblər. Akademik X.Yusifzadə jurnalistlər üçün təşkil edilən Qış məktəbinin ölkədə ilk belə layihə olduğunu diqqətə çatdırıb və bu layihənin gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov reallaşdırılan layihənin gənc jurnalistlərin ixtisaslaşması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, iştirakçıları mövcud təşəbbüsdən bəhrələnməyə çağırıb.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid SOCAR-a jurnalistlər üçün yaratdığı şəraitə görə minnətdarlığını bildirib. O, belə layihələrin gələcəkdə yaş məhdudiyyəti nəzərə alınmadan keçirilməsini təklif edib.

Tədbirdə Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvü və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də iştirak edib.

Açılış mərasimində “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” konkret proqram əsasında reallaşdırılmaqdadır. Layihə çərçivəsində enerji sektorunun bütün sahələrini – neft yataqlarının geologiya-geofizikası, qazma texnologiyası, neft-qaz hasilatı, həmçinin jurnalist etikası, medianın problemləri və s. mövzularda çıxışlar olacaq, təqdimat və diskussiyalar keçiriləcək, iştirakçılar ARDNŞ-in məsul şəxsləri, Mətbuat Şurasının nümayəndələri, ekspertlərlə görüşəcəklər. Qış məktəbi dövründə Şirkətin idarə və müəssisələrinə ekskursiyalar təşkil ediləcək, bu da istehsalat prosesi ilə yaxından tanışlıq məqsədi daşıyacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi